Qlobal Fondun layihələri ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir
Azərbaycan Səhiyyə Nazirliyində QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyevanın başçılıq etdiyi missiya ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib: “2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond ölkəmizdə vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir. Son zamanlar Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri əməkdaşlığımızın inkişafına böyük dəstəkdir”.
Sonda səhiyyə naziri rəhbərlik etdiyi qurumla Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Qlobal Fondun missiya rəhbəri Olqa Avdeyeva Azərbaycanın AIDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib, göstəricilərin region üzrə uğurlu olduğunu bildirib.
O.Avdeyeva son zamanlar Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələri uğurla icra etdiyini vurğulayıb.Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.