“Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans

“Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans

Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə ASA-nın 25 illiyinə həsr olunmuş konfranslar silsiləsi çərçivəsində “Stomatologiyanın aktual problemləri” mövzusunda XXIII beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən ASA-nın prezidenti, ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Rəna Əliyeva Azərbaycanda diş həkimliyinin tarixinin çox qədim olduğunu deyib, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Dövlət Universitetinin təsis edilməsi, onun nəzdində Tibb fakültəsi və ortodontologiya kafedrasının təşkili ilə diş həkimliyinin yeni bir mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb: "1926-cı ildə fəaliyyətə başlayan Azərbaycan Diş Həkimliyi Kollecinin əsasında Azərbaycan Diş Həkimliyi İnstitutu təsis edildi. Beləliklə, Azərbaycanda diş həkimliyi ali təhsilinin əsası qoyuldu. 1931-ci ildə həmin institut indiki Azərbaycan Dövlət Tibb Universitetinin tərkibinə daxil edilərək Stomatologiya fakültəsinə çevrildi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, səhiyyə sistemində, o cümlədən stomatologiyada da islahatlara başlanıldı. Ölkəmizdə baş verən demokratik dəyişikliklər stomatologiya kimi sürətlə inkişaf edən tibb sahəsinə də öz təsirini göstərib. 1997-ci ildə təsis edilmiş Azərbaycan Stomatoloji Assosiasiyası yaradıldığı ilk gündən öz ətrafında fəal, mütərəqqi mütəxəssisləri cəmləyib, fəaliyyətini dünya standartlarına uyğun qurub. 1998-ci il oktyabrın 8-də ASA Ümumdünya Stomatoloqlar Federasiyasına daimi üzv olub. 2005-ci ildə Azərbaycanın Yaponiya, İsveç, Koreya kimi ölkələrlə yanaşı, Ümumdünya Stomatoloqlar Federasiyasının İnkişaf Fondunun donor ölkələri siyahısına daxil edilməsini assosiasiyanın fəal işinin göstəricisi hesab etmək olar".
ASA-nın fəaliyyətindən və ölkəmizdə diş xəstəliklərinin öyrənilməsi istiqamətində aparılan araşdırmalardan bəhs edən Rəna Əliyeva stomatoloji xəstəliklərin profilaktikasının diş xəstəliklərinin yayılmasının qarşısının alınmasında effektiv üsullardan biri olduğunu deyib, həyata keçirilən profilaktik tədbirlər barəsində məlumat verib. Kariyesin Azərbaycanda həllini tapmayan diş problemlərindən biri olduğunu qeyd edən professor diqqətə çatdırıb ki, diş xəstəliklərinin qarşısının alınması üçün ağız gigiyenasına əməl etmək bacarıqlarının kiçik yaşlarda formalaşdırılması vacibdir, burada maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.
Tədbir təqdimat və müzakirələrlə davam edib. İsrailin Təl-Əviv şəhərindəki Elayner Diaqnostika Mərkəzinin rəhbəri Leon Belostoki, İsrail Ortodontiya Assosiasiyasının prezidenti Yoav Evgene Şapinko, Türkiyənin İstanbul Universitetinin Diş həkimliyi fakültəsinin Ağız, diş, çənə cərrahiyyəsi kafedrasının professoru Burak Çankaya müxtəlif mövzularda məruzələr ediblər. Mövzular ətrafında müzakirələr aparılıb.
Konfransın ikinci günündə ATU-nun Stomatoloji Klinikasının konfrans zalında iki seansdan ibarət master-klas təşkil olunub. Hər biri iki saat davam edən seanslarda həkimlər onlara verilmiş material və alətlərlə modellər üzərində dörd texnika tətbiq ediblər.
Konfrans Ümumdünya Stomatoloqlar Federasiyasının davamlı təhsil proqramının "Global Education" Proqram dəstəyi ilə həyata keçirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova