Tibb Universitetində ÜST-nin 75 illiyi qeyd olunub
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranmasının 75-ci ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetində (ATU) tədbir keçirilib.
1948-ci ildə əsası qoyulan ÜST-nin yaradılmasının 75 illiyi bu il 7 Aprel – Ümumdünya Sağlamlıq Günündə böyük təntənə ilə qeyd edilib. Bu tarixi günlə əlaqədar olaraq ÜST tərəfindən “Hamı üçün sağlamlıq” kampaniyası çərçivəsində il boyunca silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə ATU, ÜST-nin Azərbaycandakı nümayəndəliyi və AMUN (Azerbaijan Medical University Model United Nations, Azərbaycan Tibb Universitetinin BMT Modeli) klubunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Toplantıda ATU-nun rektoru professor Gəray Gəraybəyli Azərbaycan ilə ÜST arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. COVID-19 pandemiyası zamanı ATU tələbələrinin ucqar rayonlarda yaşayan əhalinin vaksinasiyası prosesində yaxından iştirak etdiyini xatırladan rektor rəhbərlik etdiyi ali məktəbin hər zaman ÜST-nin layihələrində aktiv iştirak etdiyini, bu layihələrin həyata keçməsinə öz dəstəyini göstərdiyini söyləyib.
Tədbirdə ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı “Ümumdünya Səhiyyə Təşkilatı: 75 il sağlamlığın keşiyində” mövzusunda mühazirə ilə çıxış edib. O, ÜST-nin missiyası, strukturu, hazırda gördüyü işlər, dünyada və Azərbaycandakı nailiyyətləri və əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat verib: “Azərbaycanda da səhiyyə sahəsində bir çox uğurlar qazanılıb. Belə ki, ÜST tərəfindən Azərbaycana 2002-ci ildə poliomielitdən, 2023-cü ildə malyariyadan azad ölkə statusu verilib. Biz bu nailiyyətləri yerli tərəfdaşlarımızla birlikdə əldə etdik və bu fəaliyyətlərdə aparıcı rol oynamaqdan qürur duyuruq”.
AMUN klubunun sədri Günəş Əliyeva ATU-nun Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən BMT Modeli Klubunun ÜST-nin ölkəmizdəki nümayəndəliyi ilə əlaqələri barədə məlumat verib. O, qarşılıqlı fəaliyyət çərçivəsində ötən ilin sonunda Azərbaycanda ilk dəfə olaraq ÜST simulyasiya konfransının keçirildiyini vurğulayıb.
Tədbirdə sıx əməkdaşlığa və göstərdiyi davamlı dəstəyə görə H.Harmancı G.Gəraybəyli tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.