Azərbaycan Tibb Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 - rezidentlərin elmi-praktiki konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyublar, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömrünün müxtəlif məqamlarından bəhs edən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli Ulu Öndərin bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyəyə də xüsusi diqqət yetirdiyini vurğulayıb: “Məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb”.
Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini Təranə Əhmədova çıxışında bu cür tədbirlərin rezidentlərin həyatındakı əhəmiyyətini qeyd edib: “Bu cür konfranslar rezidentlərin elmi potensialının üzə çıxmasına şərait yaradır, eyni zamanda, onların elmi müzakirələr aparmaq bacarıqlarını inkişaf etdirir”.
Öz çıxışlarında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov və digərləri dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir, eyni zamanda, davamlı sosial islahatlar icra edilir. Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin öyrənilməsində, gənc nəsilə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır.
Konfrans öz işini panel iclaslarla davam etdirib. Rezidentlər müxtəlif məzmunlu məruzələr və prezentasiyalarla çıxış ediblər.
Tədbirin sonunda məruzələr münsiflər heyəti tərəfindən dəyərləndirilib və qaliblərə mükafatlar təqdim olunub.