Həkimləri Təkmilləşdirmə İnstitutunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Həkimləri Təkmilləşdirmə İnstitutunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Beynəlxalq tədbirdə çıxış edən səhiyyə nazirinin müavini professor İlqar Qasımov toplantı iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb, Zərifə xanım Əliyevanın Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxdığını deyib: “O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən alim olub. Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Z.Əliyeva bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb. Onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, bir qadın və ana kimi ideal olması, onun haqqındakı digər xatirələr xalqın yaddaşında daim yaşayır. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir”.
Tədbirdə ADHTİ-nin rektoru professor Nazim Qasımov Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyəti haqqında geniş çıxış edib, xüsusən alimin bioqrafiyasının Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı səhifələrinə diqqət çəkib. Qeyd edib ki, Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirdikdən, Moskvada Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra Zərifə Əliyeva öz əmək fəaliyyətinə Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsindən başlayıb. Burada çalışarkən o, Azərbaycanın cənub rayonlarının əhalisi arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün işlərdə fəal iştirak edib, topladığı zəngin materialın ümumiləşdirilməsi və təhlili nəticəsində “Traxomanın sintomisin ilə və ona uyğunlaşdırılmış digər terapevtik üsullarla müalicəsi” adlı namizədlik dissertasiyasını müdafiə edib.
Dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlayan Z.Əliyeva elmi ədəbiyyatda analoqu olmayan fundamental tədqiqat ərsəyə gətirib. Kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsirini araşdıran alim kimyəvi maddələrin uzunmüddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ prosesləri öyrənib, şin və yod istehsalı sahələrində istehsal tullantılarının görmə orqanına toksik təsirinin öyrənilməsinə aid müfəssəl iş ortaya qoyub. Məhz bu dövrdən başlayaraq Zərifə xanımın elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olub. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydınlaşdırmağa imkan verib və 1976-cı ildə Z.Əliyeva “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1979-cu ildə keçmiş İttifaqda ilk dəfə olaraq akademik Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə istehsalatla elmin vəhdəti olan Bakı məişət kondisionerləri zavodunda Respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun peşə patologiyası üzrə problem laboratoriyası yaradılıb. Z.Əliyeva uzun illər ona rəhbərlik edib. Burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə xroniki təsirinin mexanizmləri öyrənilib, bu təsirə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar böyük müvəffəqiyyətlər qazanılıb.
Rektor Z.Əliyevanın elmi fəaliyyətinin uzun dövrünün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə bağlı olduğunu deyib: “Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyır. Həmin dövrdə Zərifə xanım göz xəstəlikləri üzrə ixtisaslaşma və təkmilləşdirmə kurslarının həkim-dinləyiciləri ilə pedaqoji iş aparmaqla yanaşı, həkimlik fəaliyyəti ilə də məşğul idi. Bu dövrdə yazdığı “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinə görə o, dünyanın ən görkəmli alimləri arasında layiqli yer tutub.
1980-ci ildə professor Z.Əliyevaya elmi xidmətlərinə və elmi-pedaqoji kadr hazırlığı fəaliyyətinə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adı verilib. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən “Rezin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına görə Z.Əliyeva SSRİ Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Bu, professor Z.Əliyevanın elmi xidmətlərinə verilən qiymət idi”.
N.Qasımov qeyd edib ki, bu tibbi problemlərlə yanaşı, Z.Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri”, “Terapevtik oftalmologiya” və digər monoqrafiyalar çap edilib.
Natiq vurğulayıb ki, 1982-ci ildə ADHTİ-nin Göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilən Zərifə xanım burada bir sıra yüksəkixtisaslı elmi kadrlar hazırlayıb: “Kafedra müdiri kimi Z.Əliyevanın praktik həkimlik işini xüsusi vurğulamaq lazımdır. Onun iştirakı ilə keçən klinik araşdırmalar, xəstələrin yoxlamaları və konsiliumlar gənc həkimlərin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayıb.
Z.Əliyeva bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında idi. O, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq Cəmiyyətinin idarə heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü olub.
Z.Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi, 1983-cü ildə o, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib, orden və medallarla təltif edilib. 2001-ci ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu akademik Z.Əliyevanın adını daşıyır”.
Çıxışının sonunda professor Nazim Qasımov vurğulayıb ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyəti minnətdarlıq hissi ilə Zərifə xanım Əliyevanı yad edir, onun xatirəsi qarşısında baş əyir. O öz yaradıcılıq enerjisi ilə instituta hərarət verib və sonrakı inkişafını müəyyən edib.
İnstitutun Oftalmologiya kafedrasının professoru Rasim Hacıyev çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, görkəmli alimlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.
Azərbaycan Milli Məclisinin deputatı İlham Məmmədov akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji nailiyyətlərindən söz açıb, Azərbaycanda son zamanlar səhiyyənin inkişafındakı müsbət dinamika haqqında danışıb.
Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Konfransda həm əcnəbi, həm də Azərbaycan alimlərinin təbabətin müxtəlif sahələrində əldə etdikləri nailiyyətlərə həsr olunan çıxışları dinləyicilər tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında çoxsaylı diskussiyalar aparılıb.
Konfrans öz işini iki gün ərzində 3 plenar iclasda Azərbaycan və xarici ölkələrdən dəvət olunan alimlərin apardıqları elmi tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 35 çıxışla, tibb elminin aktual məsələləri haqqında məruzələrlə davam etdirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova