ÜST Azərbaycanı malyariyadan azad ölkə elan edib
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən malyariyadan azad ölkə elan edilib. ÜST-nin Avropa Regional Ofisi Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması barədə məlumat yayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, ÜST-nin Avropa Regional Ofisinin hesabatında bununla bağlı deyilir ki, bu nailiyyət davamlı siyasi sərmayə, səhiyyə işçilərinin fədakarlığı, malyariyaya yoluxma hallarının
məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub.
AZƏRTAC yazır ki, ÜST-nin Avropa üzrə regional direktoru Hans Klüge malyariyadan azad ölkə kimi tanınması münasibətlə Azərbaycanı təbrik edib.
Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində ölkəmizdə 2013-cü ildən bəri malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.
2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-nin baş direktoru Tedros Gebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində ÜST-nin sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.
Qeyd edək ki, malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması ÜST tərəfindən ölkənin malyariyadan azad statusunun rəsmi tanınmasıdır. ÜST bu sertifikatı ölkəyə bütün malyariya parazitlərinin yerli ötürülmə zəncirinin ən azı son 3 ardıcıl il müddətində ölkə daxilində kəsilməsi və yoluxmanın qarşısını ala biləcək tam funksional nəzarət və cavab sisteminin mövcudluğuna dair sübutlar olduqda verir.