Azərbaycan – İsveçrə səhiyyə əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkəti olan “Roche Diagnostics” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir Teymur Musayev Azərbaycanla İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu vurğulayıb. T.Musayev bildirib ki, Azərbaycan onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir: “Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda, hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”.
Nazir iki ölkə arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, yüksəkixtisaslı həkimləri və ən müasir tibb müəssisələrini özündə birləşdirən İsveçrə səhiyyə sistemi dünyada nümunəvi model kimi tanınır. Eyni zamanda, İsveçrə əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.
Öz növbəsində "Roche Diagnostics” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qafqaz bölgəsi üzrə baş meneceri Cordi Fernandez və şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə rəhbəri Hasan Demirci Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, “Roche Diagnostics” şirkəti xərçəng, ağır virus infeksiyaları, autoimmun iltihabi xəstəliklər, mərkəzi sinir sisteminin fəaliyyətinin pozuntuları və maddələr mübadiləsinin müalicəsinə yönəlmiş biotexnoloji məhsulların aparıcı istehsalçısıdır. İsveçrə şirkətinin nümayəndələri bu sahədə öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməyə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.