Şəhid ailələrinin və qazilərin dərmanlarla təminində güzəştlər məqsədəuyğundur
Şəhid ailələrinin, qazilərin, əlillərin, təqaüddə olanların dərman vasitələri ilə təmin edilməsində güzəştlərin tətbiqi məqsədəuyğundur. Bu prosesi mərhələ-mərhələ həyata keçirmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı deyib.
Yeni qanun layihəsinin ölkədə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlandığını qeyd edən komitə sədri sənədi müsbət addım kimi dəyərləndirib.
Bəzi dərmanların qiymətinin baha olmasından danışan komitə sədri dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi istiqamətində müəyyən işlərin görülməsinə də ehtiyac yarandığını diqqətə çatdırıb.
Əhliman Əmiraslanov həmçinin tibbi tullantılarla bağlı dinləmənin keçirilməsini təklif edib.