ÜST: Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb
Azərbaycanda həbsxanalarda həyata keçirilən vərəm əleyhinə proqram bu xəstəliyin yayılmasının qarşısını sürətlə alır.
Bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı, xüsusi olaraq Azərbaycan təcrübəsinə həsr olunan məlumatında qeyd edilir. Yazıda bildirilir ki, Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb. Həbsxanalarda bu xəstəliklə mübarizə xüsusi diqqətdə saxlanılır.
“Cəzaçəkmə yerlərində vərəmi üzə çıxarmaq üçün biz son on ildə daim fəal çalışmışıq. Məhbuslar üçün xüsusi dispanser yaradılıb, ÜST-nin tövsiyə etdiyi bütün diaqnostika üsullarından istifadə olunan yeni laboratoriya təşkil etmişik”, - deyə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib. O həmçinin qeyd edib ki, həbsxanalarda qeyri-tibbi personal bu xəstəliyin əlamətləri, risk amilləri ilə bağlı mütəmadi məlumatlandırılır, onlara təlimlər keçirilir.
ÜST-nin Avropa Regional Bürosunun proqram meneceri Məsud Dara bildirib ki, Azərbaycan tərəfindən həbsxanalarda vərəmlə mübarizənin uğurla reallaşdırılması təcrübəsini digər ölkələr üçün model kimi istifadə etmək olar.
Yazıda qeyd olunur ki, Azərbaycanda yaradılmış Vərəm üzrə Təlim Mərkəzində bu ilin may ayında ilk beynəlxalq təlimlər keçiriləcək. Bu mərkəz ötən ildən ÜST tərəfindən təşkilatın vərəmlə mübarizədə rəsmi tərəfdaşı kimi qəbul edilib.