Bakıda I Beynəlxalq Ginekoloji Konqres keçirilib

Bakıda I Beynəlxalq Ginekoloji Konqres keçirilib

Bakıda Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş “GYNOAZ 2023 Qadın reproduktiv orqanlarının şişləri” I Beynəlxalq Ginekoloji Konqres keçirilib.
Milli Onkologiya Mərkəzinin ev sahibliyi etdiyi konqresdə Azərbaycan həkimləri ilə yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Qazaxıstan və Rusiyadan mütəxəssislər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konqresdə çıxış edən MOM-un baş həkimi Azad Kərimli tədbir iştirakçılarını mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayaraq, konqresin işinə uğurlar arzulayıb.
Akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin, xüsusilə oftalmologiyanın inkişafında xüsusi xidmətlərindən bəhs edən baş həkim deyib: “Zərifə Əliyeva vaxtilə ölkəmizdə geniş yayılan traxoma xəstəliyinin müayinə və müalicəsi, diaqnostikası, həmçinin kimya və elektron sənayesində işləyənlər arasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin aşkarlanması və profilaktikasına, onların müayinə və müalicəsinə dair sanballı tədqiqatlar ərsəyə gətirib. Bundan əlavə, Zərifə Əliyeva terapevtik oftalmologiyanın inkişafı sahəsində böyük işlər görüb. Görkəmli oftalmoloq-alim 12 monoqrafiyanın, 150-dən çox elmi əsərin və bir elmi ixtiranın müəllifidir.
Akademik Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, əsl Azərbaycan qadını idi. O, yüksək insani keyfiyyətləri, uzaqgörənliyi, səbri, təmkini ilə onu tanıyanların sevgisini qazanmışdı.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb”.
Konqres bədii hissə və təqdimatlarla davam edib.
Tədbirdə Qazaxıstan Onkologiya və Radiologiya Elmi Tədqiqat İnstitutunun baş direktoru akademik Dilarə Kaidarova, Almaniya Charité - Berlin Tibb Universitetinin Ginekologiya şöbəsinin rəhbəri professor Jalid Sehouli, həmin universitetin psixosomatik tibb və psixoterapiya üzrə mütəxəssisi Adak Pirmorady-Sehouli, Hacettepe Universitetinin professoru Murat Gültekin, ABŞ Memorial Sloan Kettering Xərçəng Mərkəzinin Ginekologiya şöbəsinin rəhbəri professor Nadeem R.Abu-Rustum, Qazaxıstan Onkologiya və Radiologiya Elmi Tədqiqat İnstitutu Onkoginekologiya Mərkəzinin rəhbəri doktor Yerlan Kukubasov, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetindən doktor Olqa Şpilyova və doktor Aida Qilyadova qadın reproduktiv orqanlarının xəstəliklərini əhatə edən mövzularla çıxış ediblər.
Azərbaycandan məruzə və müzakirələrə MOM Onkoginekologiya şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin (ATU) professoru İslam Mahalov, MOM Şişönü xəstəliklərin diaqnostika və müalicəsi şöbəsinin həkimi Turan Nadirova, ATU-nun professoru Səadət Sultanova, Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayilova, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova, ATU-nun Tədris Cərrahiyyə Klinikasının II Mama-ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov və başqaları qoşulublar.
Tədbirin praktik hissəsində iştirakçılara əməliyyat otağından canlı əməliyyatlar nümayiş etdirilib. Konqresin ilk iş günü tanınmış mütəxəssislərin iştirakı ilə iki ustad dərsi (master-klas) də keçirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova