ATU ilə USAID arasında işçi qrupu yaradılacaq
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu ali məktəbdəki tədris prosesi, o cümlədən yeni yaranan ixtisaslar, tədris proqramlarının təkmilləşdirilməsi, xaricdən tələbələrin cəlb olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
ATU üçün beynəlxalq əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor USAID ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb və bunun hər iki tərəf üçün faydalı ola biləcəyini nəzərə çatdırıb.
Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev bildirib ki, hazırda ATU-da 50 ölkədən 3 min əcnəbi tələbə və rezident təhsil alır: “Universitetimizdə 6 fakültə fəaliyyət göstərir, hər bir fakültə öz ixtisasına uyğun professor-müəllim heyəti ilə komplektləşib. Həmçinin universitet nəzdində dörd klinika var. Ölkədəki tələbata uyğun olaraq ATU-da “tibb bacısı” və “fizioterapiya” ixtisasları da yaradılıb”.
Prorektor qeyd edib ki, universitet olaraq USAID ilə əməkdaşlıq da çox önəmlidir: “Ümumdünya Səhiyyə Təşkilatı ilə səhiyyə menecmenti, ailə həkimi sahələri üzrə sıx əməkdaşlıq edir, birgə təlimlər keçiririk. USAID ilə də bir simulyasiya mərkəzinin yaradılmasını istərdik. Universitetimizin klinikalarında tədris treninq mərkəzləri fəaliyyət göstərir. Təbii ki, bu qədər tələbəsi olan universitetdə bəzən hər tələbəyə xəstə göstərmək mümkün olmur. Məhz buna görə və günümüzün reallığından çıxış edərək simulyasiya mərkəzinin yaradılmasını planlaşdırırıq”.
USAID/Azərbaycanın missiya direktoru Maykl Nirbas qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyi fikrini dəstəklədiyini bildirib. O, USAID ilə Azərbaycan Tibb Universiteti arasında uyğun istiqamətlərdə fəaliyyətin qurulması üçün işçi qrupun təşkil olunmasını təklif edib. M.Nirbasın sözlərinə görə, təcili yardım sisteminin gücləndirilməsi bu qurumun Azərbaycanla tərəfdaşlığının əsas məqsədlərindən biridir: “Həmin istiqamətdə, eləcə də “tibb bacısı” və “fizioterapiya” ixtisasları ilə bağlı sizə dəstək olmağa hazırıq”.