Keyfiyyətli tibbi yardım səhiyyə xidmətlərində səmərəliliyi artırmağın ən mühüm şərtidir

Keyfiyyətli tibbi yardım səhiyyə xidmətlərində səmərəliliyi artırmağın ən mühüm şərtidir

Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən dünyada milyonlarla pasiyent zərər görür və məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri və dünyadakı tərəfdaşlarını bu sahədə təxirəsalınmaz tədbirlər görməyə çağırır. Pasiyentlərin təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir.
Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda keçirilən konfransda İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib.
Mərkəzdən verilən məlumata görə, Q.Haqverdiyev bildirib ki, Səhiyyə Nazirliyi və İSİM tərəfindən klinik protokollar hazırlanıb, bu zaman tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan vəsaitlərdən istifadə olunub: “İSİM tərəfindən pasiyent təhlükəsizliyi məsələləri nəzərə alınmaqla tibb müəssisələri üçün akkreditasiya standartları hazırlanıb ki, bu da pasiyentlərin təhlükəsizliyi üzrə mədəniyyətin formalaşdırılması, tibb işçilərinin səhvlərinin sayının azaldılması istiqamətində peşəkarlığının artırılmasında mühüm rol oynayır”.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov ölkədə pasiyent təhlükəsizliyini təmin etmək məqsədilə, qeydiyyatdan keçmiş dərman vasitələrinin idxaldan öncə mərkəz tərəfindən yoxlanıldığını vurğulayıb: “İlk olaraq dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə onların əlavə təsirləri və fayda-risk nisbətləri sistemli bir şəkildə izlənilir. Bunun üçün lazımi məlumat toplanılır, qeydiyyata alınır, qiymətləndirilir, arxivləşdirilir. Daha sonra dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlər görülür”.
İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova məlumat verib ki, ölkəmizdə antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə İSİM ÜST-nin dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işləri həyata keçirir: “Antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə 2018-2022-ci illərdə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edilib və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırılıb”, - deyə həkim-metodist bildirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova