Müdafiə Nazirliyinin hərbi tibb personalı Vətənə qayıdıb
Tibbi heyət Türkiyədə 81 cərrahi əməliyyat edib, 517 nəfərə ambulator yardım göstərib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hərbi həkimlərimiz qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə tibbi yardım göstərib.
Tibb heyətimiz tərəfindən Kahramanmaraşda ümumilikdə 81 cərrahi əməliyyat icra edilib, 517 nəfərə isə ambulator yardım göstərilib.
Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalının fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilib.