Milli Onkologiya Mərkəzində “3D” mammoqrafiya müayinəsinə start verilib
Azərbaycan Milli Onkologiya Mərkəzində rəqəmsal rentgen mammoqrafiyasının yeni növü olan tomosintez və ya “3D” mammoqrafiya müayinəsinə başlanılıb.
Mərkəzdən bildirildiyinə görə, tomosintez süd vəzi patologiyalarının diaqnostikasında ən mühüm nailiyyətlərdən biri sayılır. Bu texnologiya süd vəzisinin üçölçülü (3D) qat-qat (1 mıllımetr qalınlığında) skanını həyata keçirir.
Cihaz dilimlər arasında verilmiş məsafə ilə ardıcıl tomoqram seriyasını işə salır, rentgen şüaları isə müxtəlif bucaqlarda yerləşərək müayinənin maksimum dəqiqliyini və tamlığını təmin edir. Tomosintez aparatı müayinə prosedurunun xəstə üçün daha rahat və ağrısız həyata keçməsinə şərait yaradır.
Çoxsaylı araşdırmalar göstərir ki, “3D” mammoqrafiya süd vəzi xərçənginin aşkarlanmasını təxminən 25 faiz artırır.