Səhiyyə Nazirliyinin nümayəndələri Türkiyədə zəlzələdən zərər görərək Bakıda müalicə olunanlara baş çəkiblər
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, qardaş Türkiyə Respublikasının bir sıra vilayətlərində güclü zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan yaxın ailə üzvləri ölkəmizə təxliyə ediliblər. Təxliyə olunan vətəndaşlarımıza və onların ailə üzvlərinə lazımi tibbi və psixoloji yardımın göstərilməsi Səhiyyə Nazirliyinə tapşırılıb.
Ölkəyə gətirilən vətəndaşlarımızdan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna gətirilib.
Bununla əlaqədar Səhiyyə Nazirliyinin nümayəndələri Pediatriya İnstitutunda müalicə alanlara baş çəkərək, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıblar.
Görüşdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova qeyd edib ki, gələn 10 uşaqdan altısı oğlan, dördü isə qızdır: “Onlardan ən kiçiyi 8 günlükdür, ən böyüyünün isə 14 yaşı var. Həmin uşaqlar dərhal onlar üçün ayrılmış palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələrə başlanılıb və bu gün müayinələr artıq bitmək üzrədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial sığınacağa göndəriləcəklər”.
Səhiyyə Nazirliyinin sektor müdiri həmçinin xatırladıb ki, dövlət başçısının müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakıda və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib. Bu məqsədlə tibb müəssisələrində ümumilikdə 2000 çarpayı ayrılıb.
Görüş zamanı valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.