Azərbaycanda Beynəlxalq Təcili Tibbi Yardım Briqadaları yaradılır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası Azərbaycanda Beynəlxalq Təcili Tibbi Yardım Briqadalarının (BTTYB) yaradılması ilə əlaqədar ölkəyə səfər edib. Fövqəladə hallarda əhaliyə təcili tibbi yardım xidməti göstərən bu briqadalar həm qlobal səviyyədə, həm də ölkə daxilində səfərbər olaraq, dövlətə səhiyyə sahəsində dəstək göstərə biləcək potensiala sahib olacaq. Briqadaların yerli kadrlardan təşkil olunması nəzərdə tutulur.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirildiyinə görə, 2 gün davam edən missiyanın iştirakçıları ÜST-nin BTTYB üzrə eksperti Jorge Salamanca, ÜST-nin səhiyyədə fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin hazırlanmasına dair Cənubi Qafqaz ölkələri üzrə Mərkəzinin rəhbəri Vasili Esenamanov və BTTYB Təşəbbüsü üzrə baş məsləhətçi Nuran Higgins ölkə ofisini və bir sıra dövlət qurumlarını ziyarət edərək görüşlər keçiriblər.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və ölkə ofisinin əməkdaşları Səhiyyə Nazirliyində səhiyyə nazirinin müavini İlqar Qasımovla görüşüb, BTTYB-nin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Həm Səhiyyə Nazirliyində, həm də Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində keçirilən görüşlərdə tərəflər bildiriblər ki, bu briqadaları yaratmaqda əsas məqsəd fəlakətlər, epidemiyalar və fövqəladə hallar zamanı ÜST-nin texniki dəstəyi ilə təlim almış qrup tərəfindən hadisə yaranan kimi hökumətə və əhaliyə təcili tibbi yardım göstərilməsində dəstək olmaqdır. Müzakirələrdə BTTYB-nin ÜST-nin standartlarına uyğun hazırlanması, sertifikatlaşdırılmadan keçməsi, beynəlxalq status alma prosesi, habelə dövlət qurumlarına ÜST tərəfindən lazımi dəstəyin göstərilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşlərin nəticəsində BTTYB-nin yaradılması üzrə İşçi Komitənin tərkibi müəyyənləşib. Belə ki, adıçəkilən dövlət qurumları tərəfindən koordinatorlar təyin olunub. Missiyanın səfərinin son günündə İşçi Komitənin dəyirmi masa ətrafında görüşü keçirilib və BTTYB-nin formalaşdırılması üzrə yol xəritəsi müəyyənləşdirilib.
Qeyd edilib ki, BTTYB təşəbbüsü 2010-cu ildə Haitidə dağıdıcı zəlzələdən sonra yaradılıb və fövqəladə hallar zamanı sürətlə təcili tibbi yardım göstərmək üçün təlim keçmiş və hazırlanmış ixtisaslı tibbi qrupların əhəmiyyətli bir şəbəkəsinə çevrilib.
Hazırda Türkiyədə dağıdıcı zəlzələ ilə bağlı yaranan vəziyyətdə tədbirlərin icrasında müxtəlif ölkələrdən səfərbər edilən bir çox BTTYB dövlətə dəstək göstərir.