Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfrans keçirildi
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) bu elmi-tibbi müəssisənin adını daşıdığı, onun təşəkkülündə və beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamış şəxsin – Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar həkim, professor Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş ənənəvi elmi-praktiki konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov qeyd edib ki, xalqımız öz şərəfli tarixini müşahidə edərkən Vətəninə, xalqına sadiq olan şəxsləri çox həssaslıqla yada şalır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyevin xüsusi rolu var. Həkimləri Təkmilləşdirmə İnstitutunun tarixinin bir çox şərəfli səhifələrinin məhz Əziz Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rektor onun ictimai və elmi fəaliyyəti haqqında danışıb.
Çıxışının sonunda professor N.Qasımov qeyd edib ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yenilənir, bütün sahələrdə irəliləyir.
Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyətinin, həkim-müdavimlərin və rezidentlərin iştirak etdiyi konfrans öz işini institutun dissertantlarının və rezidentlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirib. Onların təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələri çox maraqla dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.