İSİM 200 nəfərin iştirakı ilə sağlamlıq biliklərinə dair sorğu keçirib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2022-ci ildə orta məktəblərdə 200 nəfərin iştirakı ilə anonim formada keçirilən sorğuların nəticələri müzakirə olunub.
İSİM-dən verilən məlumata görə, mərkəzin direktoru Qəhrəman Haqverdiyev qurumun keçirdiyi sorğuların və maarifləndirmə işlərinin uğurlu nəticələrindən danışıb. Bildirib ki, məktəblilərin sağlamlıqlarının qorunması və xəstəliklərin profilaktikası istiqamətində aparılan işlər gənc nəslin sağlam formalaşmasına kömək edəcək və öz uğurlu töhfələrini verəcək.
Daha sonra İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva “Sağlamlığı təşviq edən məktəblər” layihəsi barədə məruzə edib. Diqqətə çatdırıb ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlamlıq biliklərini formalaşdırmaq, onları zərərli vərdişlərdən uzaq olmağa çağırmaq, sağlam olmayan həyat tərzi səbəbindən orqanizmdə baş verə biləcək fəsadları diqqətə çatdırmaq idi.
İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə 2022-ci ilin fevral-mart aylarında keçirilən sorğu tədqiqatının Bakı şəhərinin 10 ümumtəhsil məktəbində pedaqoji heyət arasında aparıldığını və sağlam həyat tərzinin əsaslarına dair gənc nəslin məlumatlandırılması istiqamətində təhsil işçilərinin fikir və təkliflərinin öyrənildiyini qeyd edib.
Sonda keçirilən sorğular və gələcək planlar barəsində geniş fikir mübadiləsi aparılıb.