“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin xidmət masası fəaliyyət göstərir

Ölkəmizdə kiçik və orta biznesin (KOB) inkişafını təmin etmək məqsədilə müxtəlif dövlət və özəl qurumlar tərəfindən sahibkarlara vahid məkanda xidmət göstərən KOB evləri yaradılıb.
“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tərəfindən də sahibkarlara bir sıra xidmətlər göstərilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sahibkarlar bir sıra sənədlərin alınması üçün nazirliyin “Bakı KOB evi”ndə fəaliyyət göstərən mütəxəssislərinə müraciət edə bilərlər. Bunlar dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi, dərman vasitəsi haqqında məlumat, gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamə, üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının idxalına və ixracına icazə, özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə Daxili İşlər Nazirliyindən (DİN) razılıq məktubunun alınması üçün xüsusi rəy, əczaçılıq və tibb müəssisəsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsinə DİN-dən xüsusi icazənin alınması üçün rəy sənədləridir.
Qeyd edək ki, Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə ünvanında yerləşən “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.
Xəbəri paylaş