Səhiyyə Nazirliyi və ÜST yeni layihələrin icrasına dair razılığa gəldilər

Səhiyyə Nazirliyi və ÜST yeni layihələrin icrasına dair razılığa gəldilər

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, səhiyyə naziri Teymur Musayev ölkəmizin bu nüfuzlu səhiyyə təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, bir sıra regional layihələr uğurla həyata keçirilib.
İlkin səhiyyə xidmətinin gücləndirilməsinin universal tibbi təminatın əsasını təşkil etdiyini deyən nazir bu xidmətin inkişaf etdirilməsi üçün tibb işçilərinin, xüsusilə tibb bacılarının intensiv təlimlərə cəlb edilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə gələn il ÜST tərəfindən Sumqayıt şəhərində Simulyasiya və Təlim Mərkəzi yaradılacaq. Mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin bilik və bacarıqlarının artırılması, eyni zamanda, yerli təlimçilərin yetişdirilməsidir.
ÜST ekspertlərinin ictimai səhiyyə sahəsində çoxillik təcrübəyə malik olduğunu vurğulayan Teymur Musayev Azərbaycan Tibb Universitetinin və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb kolleclərinin mütəxəssisləri ilə birgə layihələrin həyata keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Öz növbəsində ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. H.Harmancı son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəyə nail olunması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ÜST ilə uzunmüddətli sıx əməkdaşlığını vurğulayan Hande Harmancı ÜST-nin ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək tədbirlərinə hər cür kömək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə iştirak edən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin tibbi eksperti Halil İbrahim ÜST tərəfindən Səhiyyə Nazirliyi və ölkəmizin digər səhiyyə qurumları ilə birgə Bakıda “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu” təşkil olunduğunu qeyd edib.
Görüşün yekununda tərəflər yeni birgə layihələrin (səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi, səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması, ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək, Sumqayıt şəhərində Simulyasiya və Təlim Mərkəzinin yaradılması və sair) həyata keçirilməsinə dair razılığa gəliblər.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova