“Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi”

“Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi”

Bakıda bu mövzuda simpozium keçirilib



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda səhiyyə islahatlarına dəstək məqsədilə keçirdiyi “Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi həftəsi” çərçivəsində bu mövzuda simpozium təşkil olunub.
Tədbirin açılış mərasimində Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov ÜST-nin təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı hər zaman ölkəmizə dəstək verdiyini deyib. O qeyd edib ki, səhiyyə sistemi insanları narahat edən təcili sağlamlıq məsələlərinə nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar: "Ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu, səhiyyənin maliyyələşməsinə aiddir. Bununla yanaşı, təcili tibbi yardımla bağlı olan sistem də təkmilləşdirilir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bu sahədə 3 əsas istiqamətdə iş aparılır: birincisi, xəstəxanayaqədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi, xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü isə, təcili tibbi yardımın tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər".
Tədbirdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, aşağı və orta gəlirli ölkələrdə ölümlərin təxminən yarısı və əlilliyin üçdə bir hissəsi effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər. Bu baxımdan, təcili yardım sistemləri bütün dünyada səhiyyənin vacib hissəsidir və bir çox insan üçün səhiyyə ilə ilk əlaqə nöqtəsi kimi xidmət göstərir.
"COVID-19 pandemiyası zamanı təcili tibbi yardım xidmətlərinə olan tələbatın kəskin artması bir daha göstərdi ki, təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə də böyük əhəmiyyətə malikdir. ÜST “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi vasitəsilə təcili yardım sistemi və xidmətlərinin, bu sahədə təlimlərin və standartların təkmilləşdirilməsini dəstəkləməyi nəzərdə tutur. Bu məqsədlə “Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi həftəsi tədbirləri”nə başlanılıb. Həftənin məqsədi təcili yardım sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək, bu sahədə təlimlər keçmək, eləcə də insanların həyatını xilas etmək üçün kardiopulmonar reanimasiya vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Son 4 gün ərzində 70-dən çox səhiyyə və qeyri-səhiyyə işçisi Yeni Klinikada, Kliniki Tibbi Mərkəzdə və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzində təlimlərimizə qatılıb. İnanırıq ki, həftə, o cümlədən bugünkü simpozium və sabaha nəzərdə tutulan işçi qrupunun görüşləri layihənin məqsədlərinə çatmaq üçün ilkin addım olacaq və təcili tibbi yardım işçilərinin, səhiyyə orqanlarının, qərar qəbuledici şəxslərin və ictimaiyyətin bu sahədə birgə çalışmasını təşviq edəcək", - deyə Harmancı qeyd edib.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli simpoziumda çıxış edərkən söyləyib ki, gələn ildən bu ali məktəbin tələbələrinə Təcili tibbi yardım fənni tədris ediləcək. Onun sözlərinə görə, təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb: "Bu addımlarda universitet rəhbərliyi də geniş iştirak edir. Bu məqsədlə Tibb Universiteti nəzdində Təcili tibbi yardım kafedrası yaradılıb".





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova