Bakıda kardiologiyanın aktual problemləri müzakirə olunub

Bakıda kardiologiyanın aktual problemləri müzakirə olunub

Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresi keçirilib.
Tədbirin açılışında Azərbaycan səhiyyə nazirinin müavini İlqar Qasımov konqresin əhəmiyyətindən danışıb, ürək-damar xəstəliklərinin bütün dünyada ciddi ictimai səhiyyə problemi olduğunu deyib. Səhiyyə nazirinin müavini kardioloji xidmətin inkişafının, ürək-damar xəstəlikləri üzrə mütəxəssislərin ixtisas səviyyəsinin artırılmasının vacibliyini qeyd edib.
Ürək-damar xəstəliklərinin dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yeri tutduğunu deyən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, Azərbaycanda bu xəstəliklərin müayinə və müalicəsi, xüsusən dəyəri yüksək olan açıq ürək əməliyyatları, 210-dan artıq tibbi xidmət icbari tibbi sığorta təminatına alınıb.
Son illərdə Prezident İlham Əliyevin ölkədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda səhiyyə sahəsində böyük inkişaf əldə olunduğunu deyən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Azərbaycan kardiologiyası və kardiocərrahiyyəsinin bu gün dünya ilə rəqabət apara biləcək səviyyəyə yüksəldiyini söyləyib. O, Bakıda ilk angioqrafiya laboratoriyalarının təşkil olunduğunu, daha sonra belə laboratoriyaların Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində də yaradılaraq fəaliyyətə başladığını deyib.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov isə bildirib ki, ölkədə yeddi angioqrafiya mərkəzinin qurulması nəzərdə tutulur. O deyib ki, Lənkəran və Şəkidə açılacaq xəstəxanalarda angioqrafiya mərkəzləri qurulacaq, bu da Azərbaycanın kardioloji problemlərini həll edəcək. Ü.Rəhimov bildirib ki, həmin mərkəzlər bütün ölkə əhalisini əhatə edə biləcək, yəni bir rayondakı mərkəzin xidmətlərindən ətraf rayonların sakinləri də yararlana biləcəklər.
Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli konqresi çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə layihəsi olan “Stent – Save a Life” layihəsi təqdim olunub.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimovun sözlərinə görə, bu müalicə üsulu dünyanın aparıcı ölkələrində 15-20 ildir ki, tətbiq olunur və xəstə infarkt keçirdiyi zaman onun damar yollarının mümkün qədər tez açılmasını, bununla da xəstənin yaşama şansının artırılmasını nəzərdə tutur. Bu həm də əlillik hallarının qarşısını alır, insan ömrünü uzadır və dövlətin sərf elədiyi maliyyə vəsaitini azaldır: “MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunacaq bu layihə tam olaraq gələn ildən fəaliyyətə başlayacaq. Düşünürük ki, bu, digər ölkələrə də nümunə olacaq”.
Ü.Rəhimov bildirib ki, layihə Bakıda başlayacaq, daha sonra angioqrafiya mərkəzlərinin olduğu digər şəhərlərdə də tətbiq olunacaq.
Qeyd edək ki, həkimlərin bilik və bacarığının artırılması, təcrübələrin bölüşdürülməsi, yeniliklərin paylaşılması məqsədi daşıyan ikigünlük konqresdə 620 nəfər mütəxəssis iştirak edib.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova