Tibb Kollecində ÜST ekspertləri ilə görüş olub
2 nömrəli Bakı Baza Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti ilə kollecin müəllim-tələbə kollektivi arasında görüş keçirilib.
Kollecdən verilən məlumata görə, tədris müəssisəsinin direktoru Dilarə Məmmədəliyeva qonaqları simulyasiya və təlim mərkəzləri, təcrübə otaqları ilə yaxından taniş edib.
Dəyirmi masa arxasında ÜST-nin nümayəndə heyətinin üzvləri Marqrieta Langins, Şoşi Qoldberq, Nilüfer Demiral, Gülsen Topaktaş, Gülbin Konakçı, Ummahan Yücel, Fatma Vural kollecin bir qrup müəllimi ilə orta tibb işçilərinin səhiyyədə aparıcı rolu və onların təcrübi vərdişlərinin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparıblar.
Daha sonra qonaqlar kollecin akt zalında “Tibb bacısı (qardaşı) işi” və “Mamalıq işi” şöbələrinin tələbələri ilə görüş keçiriblər, onları maraqlandıran sualları cavablandırıblar. Məruzəçilər çıxışlarında bu peşələrin vacibliyini vurğulayıb, gələcəyin orta tibb işçilərinə müvəffəqiyyətlər arzulayıblar.