Bakıda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

Bakıda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib.
Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, bütün dünyada İİV/QİÇS infeksiyası problemi ilə mübarizə davam etdirilir, bu istiqamətdə elmi tədqiqatlar aparılır, yeni müalicə üsulları, dərman preparatları araşdırılır. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda bu xəstəliklə və virus daşıyıcılığı ilə bağlı vəziyyət səhiyyə sahəsinə ağır yük olmayan problem kimi qəbul edilir. Eyni zamanda, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstəlik tibbi problemlərlə yanaşı, sosial problemlər də doğurur. Bu sosial-ictimai problemlər virus daşıyıcıları olan şəxslərin stiqmatizasiyası ilə bağlıdır. Onların cəmiyyət tərəfindən qəbul olunmaması, rədd edilməsi, diskriminasiyaya məruz qalması halları var. Tibbi məsələlər tədricən həll edildikcə bu sosial problemlər ön plana çıxır. Bu sahədə böyük işlər görmək lazımdır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov hazırda ölkəmizdə QİÇS-lə bağlı epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb: “Təqdirəlayiq haldır ki, Azərbaycanda infeksiyaya yoluxma əsasən yüksək riskli qruplar arasında olur və uzun müddətdir ölkəmizdə bu virusun təmərküzləşmiş mərhələdə saxlanılmasına nail olunub”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva QİÇS pandemiyasının çox uzun zamandır elan olunduğunu və hələ də davam etdiyini bildirib. TƏBİB-in tabeliyində olan müəssisələrdə bu infeksiyanın erkən aşkarlanması və müalicəsi ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını deyən Y.Qarayeva qeyd edib ki, bu problemin qarşısının alınması hər bir insanın öz əlindədir, buna görə İİV/QİÇS infeksiyası ilə bağlı insanlar arasında maarifləndirici tədbirlər həyata keçirilməlidir.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov “Ölkəmizdə İİV/QİÇS-lə bağlı cari vəziyyət və görüləcək işlər” adlı təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycanda bu infeksiya əsasən yoluxma riski yüksək olan qruplar, ilk növbədə, inyeksion narkotik istifadəçiləri arasında yayılıb: “Risk qrupları arasında aparılan məqsədli fəaliyyət, Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olub”.
Öz çıxışında statistik məlumatları təqdim edən mərkəz direktorunun sözlərinə görə, bu ilin 10 ayı ərzində İİV-ə 695 yeni yoluxma halı qeyd olunub: “Onlardan 680-i Azərbaycan vətəndaşlarında, 15-i isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınan 680 ölkə vətəndaşından 463-ü (68%) kişi, 217-si (32%) qadındır. Ümumilikdə, 8500 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. QİÇS mərhələsində olan vətəndaşlarımızın sayı 1993 nəfər, İİV infeksiyasından dünyasını dəyişmişlərin sayı isə 1237 nəfərdir”.
Onun sözlərinə görə, bu xəstəlik özünü 25-49 yaş qrupunda daha çox göstərir: "Respublika QİÇS-lə Mübarizə Mərkəzi narkotik istifadəçiləri və digər risk qrupları arasında zəruri əks-epidemik tədbirlər aparır. Eyni zamanda, vərəmin azaldılması layihəsi də fəaliyyət göstərir. Ötən 10 ildə inyeksion narkotik istifadəçiləri arasında bu xəstəliyin ötürülməsi 2 dəfə azalıb".
Bildirilib ki, İİV/QİÇS infeksiyasına daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax bölgələrində rast gəlinir.
F.Məmmədov qeyd edib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi İİV-lə yaşayan insanlara Səhiyyə Nazirliyi tərəfindən təmin olunan profilaktika, müalicə, qulluq və dəstək göstərilməsi işini, əvvəlki illərdə olduğu kimi, davam etdirir. Belə ki, 2006-cı ildən tətbiq edilən antiretroviral terapiyaya hazırda İİV-lə yaşayan 7778 nəfər cəlb olunub.
Tədbirdə mövzu ilə əlaqəli digər təqdimatlar da dinlənilib. Çıxış edənlər ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi səmərəni xüsusi vurğulayıblar.
Konfrans daha sonra öz işini müzakirələrlə davam etdirib.
Qeyd edək ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən etibarən hər il dekabrın 1-də dünya miqyasında qeyd edilir. Həmin gün hər yerdə QİÇS epidemiyası, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası haqqında, infeksiyanın profilaktikası yolları barədə danışılır, maarifləndirmə tədbirləri keçirilir.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova