Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə simpozium

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-in birgə təşkilatçılığı ilə “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu” keçirilib.
Tədbir dünyada tibb bacısı və mamalıq təcrübəsi və təhsilində yenilik, islahat və dəyişiklikləri yerli mütəxəssislərlə bölüşmək, həmçinin ÜST-nin “Tibb bacısı və mamalıq üzrə qlobal strateji istiqamətlər”ində müəyyən edilmiş sahələr üzrə Azərbaycanda tibb bacısı və mama işinin vəziyyətini müzakirə etmək məqsədi daşıyıb.
Açılış mərasimində ÜST-nin eksperti Halil İbrahim Durak, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyov, İTSDA-nın Analitika və statistika şöbəsinin müdiri Rəşad Çobanlı, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov və Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev çıxış ediblər.
Simpozium çərçivəsində “Tibb bacısı və mamaların göstərdiyi xidmətlər və vəzifələri”, “Tibb bacısı və mamalıq təhsili” və “Liderlik” mövzularında 3 panel müzakirəsi keçirilib. Həmçinin müxtəlif forum və təlim kursları baş tutub. On iki mövzuda keçirilən kurslarda 300-dən çox yerli tibb bacısı və mama iştirak edib. Simpoziuma həmçinin elm adamları, tələbələr və qərarverici şəxslər, ÜST-nin Avropa Regionunun müxtəlif ölkələrindən gəlmiş ekspertlər qatılıb.
Tədbir tibb bacısı və mamalar, ekspertlər və qərarverici şəxslər arasında fikir mübadiləsinin genişləndirilməsi, eləcə də yerli, regional və beynəlxalq səviyyələrdə tibb bacıları və mamalar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsinə yardım məqsədi daşıyıb.
Xəbəri paylaş