Yanvarın 1-dən bir sıra müəssisələr Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək

“2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və onun bölmələri, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu, V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov “TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib.
V.Qurbanov çıxışında həmçinin bildirib ki, TƏBİB Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirir, habelə “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını və göndəriş barədə məlumatların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin edir.