Uşaqlar arasında piylənmənin risk amillərini öyrənmək üçün tədqiqat aparılır

Uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərini öyrənmək üçün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində tədqiqat həyata keçirilir.
İSİM-in rəsmi feysbuk səhifəsində bildirilib ki, bunu qurumun direktoru Qəhrəman Haqverdiyev İSİM-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı illik hesabatına dair dəyirmi masada deyib.
“Ölkəmizdə belə bir tədqiqatın aparılması məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaların araşdırılması, prioritet istiqamətlərin müəyyən edilməsi, mövcud durumun mütəmadi qiymətləndirilməsi istiqamətində mühüm addımdır”, - deyə Q.Haqverdiyev qeyd edib.
İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov nəzərə çatdırıb ki, “Cari ildə keçirilən sorğu Bakı şəhəri və regionlardan olan 128 məktəbdən 4 820 nəfər arasında aparılıb. Tədqiqatda iştirak təklifi alan uşaqların 99,2 faizi iştirak edib ki, onlardan 2 827 nəfəri 8 yaşındadır”.
Qeyd edilib ki, məktəbyaşlı uşaqlar arasında artıq çəki və piylənmənin artması dünyanın bir çox ölkələrində qlobal ictimai səhiyyə problemi kimi təsnif edilir və hazırda ölkəmizdə aparılan bu tədqiqat ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə həyata keçirilir.
Xəbəri paylaş