“Azərbaycanda rutin immunlaşdırma proqramı”UNICEF və ÜST bu mövzuda seminar keçirib
![“Azərbaycanda rutin immunlaşdırma proqramı”UNICEF və ÜST bu mövzuda seminar keçirib](/uploads/posts/2022-12/1670324571_iihh-011.jpg)
BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi “Azərbaycanda rutin immunlaşdırma proqramı” mövzusunda birgə seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, UNICEF-in Avropa və Mərkəzi Asiya regional ofisinin (ECARO), ÜST-nin Avropa üzrə regional ofisinin və yerli səhiyyə qurumlarının, o cümlədən Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, Analitik Ekspertiza Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri müzakirələrdə iştirak ediblər.
Məlumat sessiyaları zamanı regional və yerli mütəxəssislər Azərbaycanda immunlaşdırma proqramının gücləndirilməsi və idarə olunması, peyvənd sifarişlərinin və satın alınmasının planlaşdırılması üzrə regional təcrübələr, peyvəndlərin paylanması prosesi, soyuq zəncir sisteminin idarə olunması, ilkin səhiyyə müəssisələrində uşaqlar üçün immunizasiya xidmətləri kimi mövzularda müzakirələr aparılıb.
Seminar zamanı qrup müzakirələrində immunlaşdırma proqramında mövcud olan çətinliklər, onların aradan qaldırılması yolları müəyyən olunub. Qrup müzakirələrinin nəticəsi olaraq qurumlar arasında immunlaşdırma proqramı üzrə prioritet problemlərin həlli ilə bağlı qısamüddətli fəaliyyət planının hazırlanması və onun həyata keçirilməsi üçün işçi qrupun təşkil olunması razılaşdırılıb.