İSİM-də ÜST-nin və ABŞ-nin İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələri ilə görüş olub
![İSİM-də ÜST-nin və ABŞ-nin İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələri ilə görüş olub](/uploads/posts/2022-12/1670323657_16697091916263950603_1000x669.jpg)
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisinin və ABŞ-nin İnfeksiyalara Nəzarət Mərkəzinin (US CDC) nümayəndələri ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, görüşdə “COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi” üzrə ölkədə icra olunan tədqiqatla bağlı fikir mübadiləsi aparılıb, əldə edilən nəticələr layihə iştirakçıları ilə müzakirə olunub.
Görüşdə tədqiqatın gedişatı barədə İSİM tərəfindən hazırlanan videoçarx təqdim edilib, tədbir iştirakçılarının sualları cavablandırılaraq geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ÜST-nin Avropa regional ofisinin və ABŞ-nin İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələrindən ibarət heyət səfər müddətində tədqiqatın aparıldığı bəzi xəstəxanalarda tibb işçiləri ilə görüşlər keçirəcək. Həmçinin tədqiqatın ilkin nəticələrinin bütün aidiyyəti tərəfdaşların iştirakı ilə geniş müzakirəsi və gələcək üçün tövsiyələrin hazırlanması məqsədilə dəyirmi masa təşkil olunacaq.