II Türkiyə-Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahiyyə Konfransı keçirilib

II Türkiyə-Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahiyyə Konfransı keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) II Türkiyə-Azərbaycan Hepato-Pankreato-Biliar (HPB) Cərrahiyyə Konfransı təşkil olunub.
Universitetin mətbuat xidmətindən bildirildiyinə görə, ATU və Türk HPB Cərrahiyyəsi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Pankreasın neoplastik kistlərinə müasir yanaşma” mövzusuna həsr edilib.
Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, səhiyyə və təhsil istiqamətlərində də irimiqyaslı layihələrin icra edildiyini bildirib və konfransı ikitərəfli əlaqələrə bir töhfə kimi qiymətləndirib.
Qeyd edilib ki, hazırda ATU-nun beynəlxalq əlaqələrində ilk yerdə Türkiyənin universitetləri və tibb müəssisələri ilə əməkdaşlığın olması təsadüfi deyil.
Türkiyənin 30-dan çox universiteti ilə qarşılıqlı əməkdaşlığa dair memorandum mövcuddur ki, həmin işbirliyi çərçivəsində müştərək elmi işlər aparılır, mütəxəssislərin və tələbələrin mübadiləsi həyata keçirilir. Prorektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbirin mövzusunun müasir tibb üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, hepato-pankreato-biliar cərrahiyyənin ümumi cərrahiyyənin çox mürəkkəb və eyni zamanda, sürətlə inkişaf edən sahələrindən biri olduğunu qeyd edib. Bildirib ki, tibbi texnologiyalar təkmilləşdikcə, hər bir sahədə olduğu kimi, bu sahədə də patologiyaların aşkarlanması artıb, müvafiq olaraq, diaqnostik və müalicə tədbirləri də genişlənib. Nazir müavini praktik təcrübə və fikir mübadiləsi aparılması, müzakirələrin təşkili baxımından belə tədbirlərin böyük önəm daşıdığını vurğulayıb.
Universitetin I Cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov Azərbaycan və Türkiyə arasında hərtərəfli münasibətlərin təhsil sahəsinə də güclü sirayət etdiyini bildirib. Türk HPB Cərrahiyyə Dərnəyi ilə ATU-nun I Cərrahi xəstəliklər kafedrası arasında çox sıx və uzunmüddətli əlaqələrin olduğunu qeyd edən kafedra müdiri indiyədək bir çox ortaq layihələrə imza atıldığını xatırladıb.
Türk HPB Cərrahiyyə Dərnəyinin rəhbəri Mustafa Kerem də Azərbaycanda görülən işlər barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə açılan HPB mərkəzi türkiyəli mütəxəssislər tərəfindən hepato-pankreato-biliar cərrahiyyənin əsasları öyrədilən təhsil platformasıdır. Mərkəzin əsas məqsədi ümumi cərrahiyyə üzrə təhsil alan və ya artıq təhsil almış tibb işçilərinin HPB cərrahiyyəsinin fəlsəfəsini qavramasına yardımçı olmaq, bu sahəyə marağı olan cərrahlara kömək etməkdən ibarətdir.
Rəsmi çıxışlardan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova