ÜST-nin nümayəndə heyəti Səhiyyə Nazirliyində rəsmi şəxslərlə görüşüb

ÜST-nin nümayəndə heyəti Səhiyyə Nazirliyində rəsmi şəxslərlə görüşüb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Hesablama Sisteminin (SHS) tətbiqi və səhiyyə xərclərinin izlənməsinin qiymətləndirilməsi üzrə missiyası ölkəmizdə ikigünlük işgüzar səfərdə olub.
Bununla bağlı Səhiyyə Nazirliyində ÜST nümayəndə heyəti ilə görüş keçirilib.
Toplantıda ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, səhiyyə naziri Teymur Musayev ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan bu nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu işbirliyi hər il yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, region və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
Nazir səhiyyə və iqtisadiyyatın bir-biri ilə ayrılmaz şəkildə əlaqəli olduğunu vurğulayıb. “Səhiyyə sisteminin inkişafı üçün tələb olunan maliyyə resurslarının formalaşmasında güclü iqtisadiyyata ehtiyac var. Səhiyyə Hesablama Sistemi ÜST tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, USAID və digər beynəlxalq inkişaf təşkilatları ilə birlikdə işlənib hazırlanmış, hökumətlərə səhiyyə üzrə maliyyə axınlarını sistematik şəkildə izləməyə və qiymətləndirməyə imkan verən, qlobal miqyasda istifadə olunan alətdir.
Səhiyyə Nazirliyi Azərbaycanda bu proqramın həyata keçirilməsi üçün hər cür köməklik göstərməyə hazırdır”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin qiymətləndirmə missiyasının nümayəndəsi David Gzirishvili Azərbaycanda səhiyyə sektorunda mühüm islahatları, xüsusən də səhiyyə sisteminin gücləndirilməsi işlərinə başlanılmasını vurğulayıb. Onun sözlərinə görə, SHS kimi bir alətin tətbiq edilməsində ölkələrə texniki dəstək göstərilməsi ÜST-nin prioritetlərindən biridir. Belə ki, səhiyyə xərclərinin izlənməsi, məlumatların və beynəlxalq müqayisələrin təmin edilməsində qlobal lider olaraq, ÜST ölkə kontekstinin qiymətləndirilməsi, ilkin qiymətləndirmələrin aparılması, yerli potensialın yaradılması və SHS prosesinin davamlılığının təmin olunması üçün ölkələrə texniki dəstək göstərir.
Qeyd edək ki, SHS əsas funksiyasından əlavə, səhiyyə sisteminin fəaliyyətini izləmək və qiymətləndirmək məqsədilə analitik alətlər üçün giriş kimi də istifadə olunur. Bundan əlavə, səhiyyə xərclərinin SHS metodologiyasına əsaslanan izlənməsi üsulu ənənəvi fiskal təhlillə müqayisədə tibbi xidmətlərin istifadəsi haqqında daha zəngin məlumat verir.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova