Bakıda “Medinex” və “Beauty Azerbaijan” sərgiləri keçirilib

Bakıda “Medinex” və “Beauty Azerbaijan” sərgiləri keçirilib

Bakı Ekspo Mərkəzində “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları və “Beauty Azerbaijan” Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası sərgiləri keçirilib.
Sərginin açılışında Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, sərgilərin təşkilatçısı Caspian Event Organisers (CEO) şirkətinin baş direktoru Fərid Məmmədov iştirak ediblər.
Açılış mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycanda səhiyyənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə tibbi sərgilərin keçirilməsinin bu inkişafla sıx əlaqəyə malik olduğunu söyləyən nazir builki sərgini “otuz ildən artıq müddət ərzində keçirilən tədbirlərin davamı olan daha bir müsbət hadisə” adlandırıb.
Teymur Musayev vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsində ölkəmizdə müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir. Eyni zamanda, tibb mütəxəssislərimiz əhalinin sağlamlığının qorunmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarını səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırmaq üçün tibb sektorundakı dəyişiklikləri, yeni tendensiyaları və texnologiyaları yaxından izləyirlər.
Ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunan əsas vəzifələrdən danışan Teymur Musayev deyib: “Nazirliyin əsas vəzifələrindən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir. Bu baxımdan, Səhiyyə Nazirliyi innovativ məhsulların tibb ictimaiyyətinə tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyir”.
Səhiyyə sektorunun qlobal miqyasda ən sürətlə inkişaf edən sahələrdən olduğunu söyləyən nazir vurğulayıb ki, bugünkü şəraitdə uğur qazanmaq üçün keyfiyyətli məhsulların yalnız istehsalı və bazara çıxardılması kifayət etmir. Tibbi məhsulların tanıdılması da eyni dərəcədə əhəmiyyətlidir. O əlavə edib ki, COVID-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsullarla təmin edə bilməsinin strateji məsələ olduğunu önə çıxartdı. Bu baxımdan, bu sərgidə qurulan işgüzar əlaqələr, investisiya imkanlarının artması əhəmiyyətlidir və ölkə əhalisinin ümumi sağlamlığının yaxşılaşmasına müsbət təsir göstərəcək.
“Medinex” sərgisinin həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, eyni zamanda, hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacağını və növbəti illərdə yerli istehsal olan tibbi məhsullar və avadanlıqların sayının artırılacağını bildirən Teymur Musayev deyib: “Səhiyyə naziri olaraq bir təşəbbüs irəli sürmək istərdim. 2023-cü ildə səhiyyə və tibb elmi sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərin tanıdılmasına həsr olunan sərginin təşkilini təklif edirəm. Səhiyyə Nazirliyi belə bir sərginin təşkili üçün hər cür dəstək göstərməyə hazırdır”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov belə sərgilərin imkanlarının çox geniş olduğunu qeyd edib. “Bu layihə tibb sahəsinin həm təcrübəli, həm də gənc mütəxəssisləri, ixtisaslaşdırılan təhsil müəssisələrinin rezidentləri və tələbələri üçün çox vacibdir. Əlbəttə ki, sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan praktiki və elmi tədbirlər gənc mütəxəssislərin inkişafında və yeni biliklərə yiyələnməsində mühüm rol oynaya bilər. Mən sərgidə yerli tibbin inkişafının mühüm tərkib hissəsi olan müasir informasiya texnologiyaları və tibbi proqramların nümayişini xüsusi olaraq qeyd etmək istərdim”, - deyə o bildirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, bu gün səhiyyə sahəsində aparılan əsas islahatlardan biri də ölkədə icbari tibbi sığortanın tətbiqidir. “Ötən ildən başlanan bu proses bütün növ tibbi xidmətlərin əhaliyə əlçatan edilməsi üçün nəzərdə tutulub. “Medinex” sərgisi icbari tibbi sığorta haqqında məlumatların ölkəmizin geniş vətəndaş kütləsinə çatdırılmasına imkan verən, ölkədəki dövlət və özəl tibb müəssisələri arasında əməkdaşlığın qurulmasına şərait yaradan platformalardan biridir. Biz sərgidə təqdim olunan yenilikləri maraqla öyrənəcəyik, çünki bu, gələcəkdə onların bizim gündəlik işimizdə tətbiq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Z.Əliyev öz nitqini yekunlaşdırıb.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkədə səhiyyənin inkişafının əsas istiqamətləri, o cümlədən ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və tibb işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi, tibb sahəsində innovasiyaların tətbiqi haqqında ümumiləşdirilmiş məlumat verib. Qeyd edib ki, bu sərgi Xəzər regionunda tibb mütəxəssislərini bir araya gətirən ən böyük tədbirdir və tibb sahəsində yeni məhsulların və texnologiyaların geniş şəkildə təqdim olunmasını əsas məqsəd kimi öz qarşısına qoyur. Vüqar Qurbanov sərgi iştirakçılarının işgüzar əməkdaşlıq qurmaqla yanaşı, böyük təcrübə və yeni biliklər qazanacaqlarına əminliyini ifadə edib.
CEO şirkətinin baş icraçı direktoru Fərid Məmmədov qeyd edib ki, “Medinex” sərgisi uzun illər ərzində keçirilən “BIHE” tibb sərgisi əsasında yaradılan yeni bir brenddir və o, səhiyyə sahəsində keçirilən tədbirlər kompleksində mühüm yer tutur. Fərid Məmmədov sərgi ilə bağlı statistik məlumat verib, layihəni dəstəkləyən bütün səhiyyə idarələrinə öz təşəkkürünü bildirib və bu sərginin gələcəkdə daha da inkişaf etdirilməsi üçün perspektivlərin olduğunu vurğulayıb.
Sərgiyə baxış keçirən qonaqlar, yerli tibb sektorunun tanınan nümayəndələri ekspozisiyanı, ictimaiyyətin yeniliklər barədə məlumatlandırılmasında, müasir tendensiyaların öyrənilməsində, müasir səhiyyə nailiyyətlərinin praktiki tətbiqində onun oynadığı rolu yüksək qiymətləndiriblər.
Qeyd edək ki, “Medinex” səhiyyə mütəxəssislərini bir araya gətirən, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün fürsət olan biznes platformasıdır. Burada aparıcı yerli və xarici istehsalçılar və distribütorlar ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim ediblər. Koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçirilən sərgilərdə sənaye mütəxəssisləri işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar əldə etmək və sərfəli müqavilələr bağlamaq üçün iki ildən sonra ilk dəfə yenidən görüşüblər.
Sərgilərin birləşmiş ekspozisiyası dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya, Sloveniya, Türkiyə, Yaponiya və Əlcəzairdən 90-dan çox şirkəti bir araya gətirib.
“Medinex” sərgisində tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunub.
Sərginin işgüzar proqramında “Xəstəliklərin diaqnostika və müalicəsində innovativ yanaşma” “Diaqnostikada yeni nəsil sistemlər və kliniki faydaları”, “Pediatriyada müasir diaqnostika və müalicə metodları”, “Tibbdə innovativ texnologiyalar”, “İnnovativ dərman vasitələri” və bir sıra başqa panel müzakirələri aparılıb. Həmçinin yerli və xarici sahibkarların ənənəvi olaraq iştirak etdiyi işgüzar B2B görüşləri keçirilib.
“Medinex” sərgisi çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirakı ilə işgüzar tədbirlər təşkil olunub. Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyasının təsisçisi, sərgiyə xüsusi olaraq dəvət edilmiş həkim-psixiatr Yelisey Osin psixiatrlar, nevroloqlar və valideynlər üçün "Autizmin diaqnostikası və terapiyası - texnologiyalar" mövzusunda çıxış edib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova