Tibb Universitetində “Pediatriyanın aktual problemləri” beynəlxalq konqresi keçirilib

Tibb Universitetində “Pediatriyanın aktual problemləri” beynəlxalq konqresi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) “Pediatriyanın aktual problemləri” mövzusunda XII Beynəlxalq Elmi-praktiki Konqres təşkil olunub.
Universitetin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, dosent Rauf Bəylərov qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin ən böyük istiqamətlərindən biri uşaqların sağlamlığının qorunmasına yönəldilib: “Ölkəmizdə ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Həmin istiqamətdə çoxsaylı işlər görülüb və addımlar atılıb. Azərbaycan Tibb Universitetinin yüksək ixtisaslı həkim-pediatrların hazırlanmasında böyük əməyi var və bu təcrübə daha geniş şəkildə davam etdirilməkdədir. Uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, neonatoloqların, uşaq nevroloqlarının, uşaq cərrahları və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir”.
R.Bəylərov bu sahədə xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə də toxunaraq bildirib ki, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşdirilməlidir: “Konqresin keçirilməsində əsas məqsəd uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirməkdən ibarətdir. Konqresdə klinik pediatriyanın aktual problemləri, uşaqlarda rast gəlinən xəstəliklər, onların nəticəsində baş verən ölüm hallarının azaldılması üçün istifadə olunan müasir müalicə üsulları və profilaktik tədbirlər müzakirə mövzusu olacaq”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova konqresdə çıxış edərək, dünyanın hər yerində uşaqlara qayğının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti Azərbaycanda milli strategiyaya çevrilib. Ölkəmizdə uşaqlara həmişə məhəbbətlə yanaşıldığını, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradıldığını vurğulayan parlament komitəsinin sədri uşaq hüquqlarının müdafiəsi sahəsində real, güclü qanunvericilik bazasının formalaşdığını söyləyib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan da bəhs edən H.Hüseynova onun təşəbbüsü ilə bütün uşaqların, xüsusilə də həssas qrupa aid uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. O, çıxışında mərhum akademik Adilə Namazovanın pediatriya sahəsindəki böyük xidmətlərindən də məmnunluqla söhbət açıb.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt olmasına hər zaman xüsusi diqqət yetirildiyini söyləyib. Bildirib ki, uşaqlar və onların sağlamlıq problemləri necə müxtəlifdirsə, pediatriyanın istiqamətləri də fərqlidir. Bütün pediatrik ixtisasların bir pediatriya çətirinin altında qərarlaşdığını deyən nazir müavini bu konqresin pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən mövzulara həsr olunacağına diqqət çəkib: “Düşünürəm ki, üç gün ərzində elmi sessiyalarda ən son elmi məlumatlar, ən yaxşı beynəlxalq təcrübələr müzakirə olunacaq. İnanıram ki, konqresin iştirakçıları öyrəndiklərini praktikada tətbiq edə biləcəklər. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin bu məsələyə çox həssaslıqla və diqqətlə yanaşması sayəsində son illərdə uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür. Bu istiqamət milli səhiyyənin prioritetlərindən birinə çevrilib. Dövlət proqramları, uşaqların dispanserizasiyası, profilaktik peyvəndlənməsi, nadir xəstəliklərin müalicəsi üçün zəruri vəsaitlərin ayrılması, həmçinin ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi işinə böyük önəm verilir”.
Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti, professor Ənvər Həsənoğlu, Beynəlxalq Pediatriya Assosiasiyasının seçilmiş prezidenti, Uşaq Sağlamlıq Fondunun sədri, professor Navin Teker və Avropa Pediatriya Assosiasiyasının prezidenti, professor Massimo Pettoello Mantovani isə tədbirə onlayn qoşulublar.
Onlar konqresin işini yüksək qiymətləndirərək, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Açılış mərasimindən sonra konqres öz işini elmi sessiyalarla davam etdirib.





Noyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova