Səhiyyə islahatlarında texnologiyaların qiymətləndirilməsi üzrə I Beynəlxalq konfrans keçirilib

Səhiyyə islahatlarında texnologiyaların qiymətləndirilməsi üzrə I Beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının birgə əməkdaşlığı ilə Bakıda səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə I Beynəlxalq konfrans keçirilib.
Region ölkələrinin səhiyyə sistemini qabaqcıl dünya təcrübəsinə əsaslanan texnologiyalarla tanış etmək, əhalinin yeni standartlara uyğun, keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq məqsədi daşıyan tədbirə mütəxəssislər həmçinin müasir səhiyyə texnologiyalarına inteqrasiyanı təmin etmək yolunda görüləcək işlər, qarşıda duran məqsəd və vəzifələr ətrafında fikir mübadiləsi aparmaq üçün toplaşmışdılar.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov müasir dövrdə tibb elminin və tibbi texnologiyaların çox sürətlə inkişaf etdiyini bildirib: “Amma belə bir sual yaranır ki, yeni texnologiyalar nə dərəcədə səmərəlidir, yeni müalicə üsulları həqiqətənmi əvvəlki texnologiyalardan sübuta əsaslanmış şəkildə üstündür. Bu suallara cavab verə biləcək və proqnoz verə biləcək mexanizm səhiyyə texnologiyalarının qiymətləndirilməsidir”. N.Zeynalov ölkəmizdə bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayıb, təlimlərin keçirildiyini və bu konfransın davamı olaraq siyasət üzrə dialoqun aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının prezidenti Vija Oortveyn səhiyyə texnologiyalarının inkişafının bütün region ölkələri üçün əhəmiyyətindən və cəmiyyətin sağlamlığının qorunması istiqamətində faydasından söz açıb.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının vitse-prezidenti Rabia Kahveçi, Qazaxıstanın Salidat Kairbekova adına Səhiyyənin İnkişafı Milli Tədqiqat Mərkəzinin sədr müavini Alima Almadiyeva və LewinGroup-un baş vitse-prezidenti Klif Qudmanın moderatorluğu ilə səhiyyə texnologiyalarının işləməyə başlaması üçün zəruri olan şərtlər və əsas vasitələr kimi aktual mövzularda geniş məruzələr dinlənilib.
ABŞ, Türkiyə, Polşa, Ukrayna, Niderland, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə keçən müzakirələrdə səhiyyə texnologiyalarının səhiyyə xidmətləri ilə əlaqəsi, hər kəs üçün əlçatan, bərabər olan səhiyyə perspektivləri və bölgədə səhiyyə texnologiyalarının inkişafı üçün əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.





Noyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova