Ümumdünya Ürək Günü qeyd edilib

Ümumdünya Ürək Günü qeyd edilib

Sentyabrın 29-u qlobal miqyasda Ümumdünya Ürək Günü kimi qeyd olunur. Ölkəmizdə də bu gün hər il müxtəlif tədbirlərlə qeyd edilir, ürək-damar xəstəliklərindən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı, “Marsol” MMC və “Özsüt” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə Ümumdünya Ürək Gününə həsr olunan aksiya keçirilib.
Qış parkında təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, qan təzyiqi və nəbzin ölçülməsi, EKQ müayinəsi) dəvət edilib, onlara kardioloqlar və digər ixtisas həkimləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib.
Aksiyada, eyni zamanda, “Sağlam qida” guşəsi təqdim olunub, iştirakçılara düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib. Tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib. Bu mövzulara dair maarifləndirici materiallar paylanılıb.
Statistik məlumatlara görə, hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biridir və yer üzündə hər il 17 milyondan çox insanın həyatına son qoyur. Son vaxtlar ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə bağlıdır. Əsas risk amillərinə yüksək qan təzyiqi, qanda xolesterin və şəkərin miqdarının artması, tütünçəkmə, fiziki passivlik, spirtli içkilərdən istifadə, psixoloji stres, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir.
Ümumdünya Ürək Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti də ürək sağlamlığına cəmiyyətin diqqətini çəkmək, bu sahədə maarifləndirmə işləri aparmaq məqsədi ilə, hər il olduğu kimi, silsilə tədbirlər həyata keçirib.
Belə ki, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə həmin günə həsr olunmuş Ürək-damar Xəstəlikləri Beynəlxalq Konqresi keçirilib. Hibrid formatda baş tutan konqres cəmiyyətin sosial media kanallarından canlı yayımlanıb.
Konqres çərçivəsində rezident və gənc həkimlər üçün praktiki kurslar, təcrübə məşğələləri təşkil olunub.
Həmçinin Qocalar evində məskunlaşmış ahılların və uşaq evindəki kimsəsiz uşaqların tibbi müayinə aksiyası baş tutub. Ürək sağlamlığının təbliği məqsədilə həkimlərlə idman jurnalistləri arasında futbol oyunu keçirilib.
Ürək-damar Xəstəlikləri Beynəlxalq Konqresi Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və konqresə 16 kredit balı verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova