Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi keçirilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti, Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyinin təşkilatçılığı ilə Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi keçirilib.
Tədbirdə Azərbaycan, ABŞ, İtaliya, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan 350-yə yaxın otorinolarinqoloq iştirak edib.
Konqresin xarici qonaqları arasında Dünya Qulaq-burun-boğaz Cəmiyyətləri Konfederasiyasının eks-prezidenti, professor Desiderio Passali, İdarə Heyətinin üzvü, professor Metin Önerci, Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun cərrahiyyəsi Birliyinin sədri, professor Vadim Nasırov, Türk Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Tayfun Kirazlı, həmin cəmiyyətin baş katibi, professor Özgür Yiğit, Avropa Larinqologiya Cəmiyyətinin keçmiş sədri, professor Ferhan Öz, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Tacikistan Otorinolarinqologiya cəmiyyətlərinin sədrləri və digər tanınmış otorinolarinqoloqlar olub.
Elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunmuş 4 kurs və 13 elmi paneldən ibarət olan ikigünlük konqresə ümumilikdə 65 məruzəçi öz elmi işini müzakirə olunmaq üçün təqdim edib.
Tədbirdə “Adenotonzillektomiyalarda müasir texnikalar”, “Otorinolarinoloji patologiyalarda radioloji müayinələr”, “Sensonevral eşitmə zəifliyi olan uşağa yanaşma”, “Uşaqlarda eşitmə itkisi səbəbləri və həlli yolları”, ”Baş və boyun şişlərinə yanaşma”, “Ani eşitmə itkisi”, “Timpanoplastika texnikaları”, “Xroniki sinusitlər və nazal polipoz”, “Burun tənəffüs pozulmaları və yuxu apnoesi” və digər mövzularda panel iclasları keçirilib.
Məruzələrdə yeni növ koronavirus (COVID-19) pandemiyasının müxtəlif xroniki xəstəliklərə təsir etməsinə xüsusi diqqət yetirilib.
Konqresin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü Ramin Həşimlinin sözlərinə görə, Cəmiyyətin konqreslərini iki ildən bir keçirmək qərara alınıb. Türkdilli ölkələrin Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Cəmiyyətinin yığıncağının isə ən azı iki ildən bir müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulub.