Babək rayonunda yeni həkim ambulatoriyası açılıb
![Babək rayonunda yeni həkim ambulatoriyası açılıb](/uploads/posts/2022-10/1665043909_16642108203183545867_1000x669.jpg)
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, bunların arasında həkim ambulatoriyası da var.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həkim ambulatoriyasında aparılan təmir işləri ilə maraqlanıb, yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, səhiyyə müəssisəsinin dam örtüyü, fasadı və iş otaqları təmir olunub, pərdələr və xalçalar yenilənib. Binanın həyətində abadlıq işləri görülüb.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov kənddə görülən işlərdən bəhs edib.
Ambulatoriyanın baş həkimi Ülkər Quliyeva kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitdən istifadə edərək kənd əhalisinin sağlamlığının keşiyində duracaqlarına söz verib.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Sonra kənd sakinləri ilə görüşən Vasif Talıbov onları görülən işlər münasibətilə təbrik edib.