ÜST və UNICEF: dünyada tibb müəssisələrinin yarısında zəruri gigiyena vasitələri çatışmır
Dünyada səhiyyə müəssisələrinin yarısında tibb kabinetləri və ayaqyolunda su, sabun və spirt əsaslı dezinfeksiya vasitələri yoxdur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə məruzəsində deyilir.
Məruzədə qeyd olunur ki, dünyanın tibb müəssisələrinin yarısında – 3,85 milyard insanın tibbi yardım üçün müraciət etdiyi səhiyyə ocaqlarında əsas gigiyena xidmətləri yoxdur, buna görə də onlar yüksək yoluxma riskinə məruz qalırlar. Eyni zamanda, 688 milyon insan ümumiyyətlə gigiyena xidmətləri göstərilməyən klinika və tibb məntəqələrində müalicə olunur.
Məruzədə deyilir ki, Saxaradan cənubda yerləşən Afrika ölkələrində əllərin yuyulması üçün sabunla su tibb müəssisələrinin yalnız 37 faizində var. Latın Amerikası və Karib hövzəsi, eləcə də Cənub-Şərqi və Şərqi Asiya dövlətlərində sanitar xidmətlər klinikaların və tibb məntəqələrinin 3 faizində, Saxaradan cənubda yerləşən ölkələrdə isə 22 faizində tamamilə yoxdur.
ÜST-nin Ətraf mühit və sağlamlıq məsələləri departamentinin direktoru Mariya Neyra məruzənin dərc edilməsi ilə əlaqədar bildirib ki, gigiyenanın yaxşılaşdırılması koronavirus pandemiyasından sonra bərpa prosesi, eləcə də digər yoluxucu xəstəliklərin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir. O vurğulayıb ki, sağlamlığın qorunmasına xidmət edən müəssisələrdə təmiz su, təmiz ayaqyolu və tullantıların təhlükəsiz ləğv edilməsi də daxil olmaqla, əsas tədbirlərə sərmayələri artırmadan gigiyenanı təmin etmək mümkün deyil.