Səhiyyə naziri Cəlilabadda vətəndaşları qəbul etdi
Ölkə başçısının tapşırığına əsasən dövlət qurumlarının və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, fevralın 20-də səhiyyə naziri Oqtay Şirəliyevin Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında səyyar qəbul günü keçirilib.
Qəbulda Cəlilabad rayonu ilə yanaşı, Biləsuvar, Salyan, Yardımlı və Masallı rayonlarından olan 50 nəfərin müraciəti nazir tərəfindən dinlənilib.
Müraciətlərin əksəriyyəti xarici ölkələrdə, xüsusilə İran İslam Respublikasında uğursuz müalicədən sonra xəstəliyi fəsadlaşmış halda ölkəmizə dönən və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımızla bağlı olub. Digər müraciətlər sağlamlıq problemləri, həkimlərin xarici ölkələrdə təkmilləşməsi, işlə təminat və s. məsələləri əhatə edib.
Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həllini tapıb, digərlərinin həlli üçün müvafiq səhiyyə qurumlarına göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.