Rotavirus antibiotiklərlə müalicə olunmur
![Rotavirus antibiotiklərlə müalicə olunmur](/uploads/posts/2022-09/1663062044_rrr-05.jpg)
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qastroenteroloji sağlamlıq problemlərindən danışıb.
Bakıda son aylarda rotavirus infeksiyası yayıldığını deyən həkim bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma, ishal və yüksək temperaturdur: “Rotavirusa yoluxan şəxslər antibiotik müalicəsindən, süd məhsulları və kofeindən uzaq durmalıdırlar. Xəstələrə belə hallarda çoxlu maye qəbul etmək lazımdır. Müşahidələr göstərir ki, infeksiya insan orqanizmində 5-7 gün müddətində aktiv halda qalır. Əgər həmin müddətdən sonra düzəlmə olmasa, onda mütləq şəkildə həkimə müraciət edilməlidir. Bəzən infeksiya orqanizmə sudan, yaxşı bişməyən yeməklərdən də düşə bilər”.
Mütəxəssis bitki mənşəli çayların tez-tez qəbul edilməsinin qastritə səbəb ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, limon və zəncəfil tərkibli çayları içən zaman öd mədəyə geri axır, mədəni zəhərləyir. Beləliklə də qastrit yaranır.
“Mədə-bağırsaq xəstəliklərinin bir neçə səbəbi var. Stres faktoru bu problemlərin yaranmasında mühüm rol oynayır. Güclü stresdən mədə xorası belə yarana bilər. Araşdırmalar göstərir ki, mədə-bağırsaq xəstəliklərinin 60 faizi sinir sistemi ilə bağlı problemlər səbəbindən yaranır. Digər tərəfdən, yuxu rejiminin pozulması, gecə vaxtı yemək yeyilməsi də mədə-bağırsaq xəstəliyinə səbəb olan amillərdir. Hər bir yaş qrupunda bu əlamətlər ola bilər",- deyə Emin Məmmədov bildirib.