Tibbi tullantıların idarə edilməsi üzrə təlimlər keçirilib
![Tibbi tullantıların idarə edilməsi üzrə təlimlər keçirilib](/uploads/posts/2022-09/1663061450_brd-4.jpg)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriya üzrə eksperti Radu Kojakaru və ÜST-nin ölkə ofisinin eksperti Cəvahir Süleymanova Azərbaycanın müxtəlif bölgələrində “Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim kursları keçirlər.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, COVID-19 kontekstində laboratoriya şəbəkəsinin gücləndirilməsinə davamlı dəstək çərçivəsində keçirilən təlimlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq sayəsində ərsəyə gəlib.
Bu qəbildən Lənkəranda həyata keçirilən növbəti təlimdə sözügedən rayon və yaxın bölgələrdən laboratoriya əməkdaşları və müxtəlif xəstəxanalardan tibb işçiləri iştirak ediblər.
Daha bir təlim Bərdədə təşkil olunub. Burada da Bərdə ilə yanaşı, ətraf rayonların laboratoriya işçiləri, eləcə də tibb müəssisələrinin müvafiq sahədə çalışan personalı təlimə cəlb edilib.
Təlim kursuna laboratoriyada yaranan tullantıların müxtəlif kateqoriyaları, müvafiq risklər və tullantıların idarə edilməsi prosesi, o cümlədən seqreqasiya, müvəqqəti saxlama, daşınma, zərərsizləşdirmə və təkrar emal haqqında məlumatlar daxil edilib. Tullantıların idarə olunması üzrə təlimlər tibb işçilərinə səhiyyə müəssisəsində tullantıların kateqoriyalarının müəyyən edilməsində biliklərini təkmilləşdirməyə, ictimai səhiyyə və ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün ən yaxşı təcrübə və strategiyanı təkmilləşdirməyə kömək edir.
Güclü laboratoriya şəbəkəsi qlobal sağlamlıq təhdidlərini aşkar etmək və onlara cavab vermək üçün zəruridir. Buna görə ÜST Azərbaycanda tibbi xidmətlər üçün keyfiyyətin idarə edilməsi və biotəhlükəsizliyin gücləndirilməsinə dəstəyini bundan sonra da davam etdirəcək.