Aİ-ÜST layihəsi Azərbaycanda psixi sağlamlıq üzrə səhiyyə müəssisələrini dəstəkləyir
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda psixi sağlamlıq sahəsində uzunmüddətli müalicə xidməti göstərən səhiyyə müəssisələrini dəstəkləməyə davam edir. COVID-19 pandemiyasının geniş yayıldığı və əsas resursların onunla mübarizəyə səfərbər edildiyi ötən dövrdə psixi sağlamlıq və psixososial dəstəyə ehtiyacın artması müşahidə edilib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində ölkədəki psixi sağlamlıq müəssisələrinə dəstək məqsədilə bu sahədəki ən böyük müəssisələr olan Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 2021-ci il sentyabrın 1-dən etibarən 3 psixoloq və 3 sosial işçi tərəfindən psixi sağlamlıq və psixososial dəstək göstərilib.
Psixoloqlar və sosial işçilərdən ibarət multidisiplinar komandanın əsas məqsədi pasiyentlərin psixi sağlamlıq və sosial ehtiyacları ilə bağlı problemlərinin həllində onlara dəstək olmaqdan ibarət olub. On ay ərzində 18-88 yaş arasında 174 kişi və 96 qadın benefisiar üçün 1455 psixoloji seans təşkil edilib. Bundan əlavə, proqram çərçivəsində psixoterapevtik seanslar, psixoloji konsultasiyalar, art-terapiya, qrup terapiyası və digər seanslar da keçirilib.
Eyni zamanda, müəssisələrin səhiyyə işçilərinin potensialının artırılması məqsədilə layihə psixoloqları və sosial işçilər yanma (tükənmə) sindromu, qəzəbin idarə olunması, əlilliyi olan şəxslərin hüquqları və onların cəmiyyətə inteqrasiyası, habelə psixi sağlamlıqda psixoloji yardım və etik prinsiplər mövzularında təlimlər təşkil ediblər. Təlimlərdə pasiyentlər və onların ailə üzvləri də daxil olmaqla, 150-dən artıq insan iştirak edib.
Hər iki müəssisədə fəaliyyət göstərən komandalar həmçinin Beynəlxalq Əlillər Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və İnsan Hüquqları Günü ilə bağlı maarifləndirici tədbirlər təşkil ediblər.
Sosial işçilər sosial biliklərin artırılması, şəxsiyyət vəsiqələrinin alınması, əlilliyin müəyyən edilməsi, əlilliyə görə müavinətlərin təyin olunması, əlil arabalarının əldə edilməsi, sosial həyata uyğunlaşma, cəmiyyətə reinteqrasiya, ailə münasibətləri, işədüzəlmə və peşə təlimləri sahəsində benefisiarlara dəstək olub. Ümumilikdə, sosial işçilər tərəfindən 500 sosial konsultasiya keçirilib, dövlət qurumları ilə əməkdaşlıq sayəsində 102 pasiyentin sosial problemi öz həllini tapıb.
Bu, psixoloqların və sosial işçilərin iştirakı ilə gerçəkləşmiş ilk belə sosial təşəbbüsdür. ÜST-nin Azərbaycan nümayəndəliyi ölkədə psixi sağlamlıq və psixososial xidmətlərin göstərilməsinə dəstək olmağa davam edəcək.
“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir və Aİ ilə ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.