Pediatrik reanimasiyaya dəstək məqsədilə təlimlər keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Uptodate in Medicine” təşkilatının birgə əməkdaşlığı ilə Lənkəran şəhərində pediatrik reanimasiyaya dəstək məqsədilə Amerika Ürək Assosiasiyasının Pediatrik Təkmil Həyata Dəstək (PALS) təlimi baş tutub.
İSİM-dən verilən məlumata görə, təlimdə Lənkəran Perinatal Mərkəzinin həkimləri, pediatrlar, neonatoloqlar iştirak ediblər.
Təlim İSİM-in həkim-metodisti, Amerika Ürək Assosiasiyasının ACLS, PALS, BLS üzrə beynəlxalq sertifikatlı təlimçisi Könül İsmayılova tərəfindən aparılıb.
İki gün davam edən təlimdə pediatrik təcili yardımın əsasları ilə bağlı həm nəzəri, həm də praktik bacarıqlar öyrədilib.
Analoji təlim Şəki şəhərində də təşkil olunub. Burada Zaqatala, Balakən və digər rayonların ixtisas həkimləri, eyni zamanda, neonatoloqlar iştirak ediblər.
Təlimlərin ikinci gününün sonunda test imtahanlarının nəticələri əsasında iştirakçılara beynəlxalq sertifikatlar verilib.
Pediatrik reanimasiya üzrə təlimlərin Azərbaycanın bir sıra digər şəhərlərində də keçirilməsi nəzərdə tutulur.