Uşaq Endokrinoloqlarının I Konqresi keçirilib

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Pediatr Endokrinoloqlar Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş ekspert-mütəxəssisi Babək Salekin sədrliyi ilə Bakı şəhərində Uşaq Endokrinoloqlarının I Konqresi keçirilib.
AZƏRTAC-ın verdiyi məlumata görə, pediatrlar, uşaq endokrinoloqları və ailə həkimləri üçün nəzərdə tutulan toplantıda ölkəmizin müxtəlif rayon və şəhərlərindən 250-yə yaxın həkim iştirak edib. Tədbirin məqsədi endokrinoloji xidmətin yaxşılaşdırılması, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin və effektivliyinin artırılması, tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki bacarıqlarının təkmilləşdirilməsidir.
Konqresdə uşaq endokrinologiyasının bütün sahələrini əhatə edən müxtəlif aktual mövzularda məruzələr dinlənilib.
Tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 5 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.