Şuşada Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib
![Şuşada Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib](/uploads/posts/2022-08/1659943560_16570280072096516100_1000x669.jpg)
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə komitəsi ilə Əmək və sosial siyasət komitəsinin iştirakı ilə “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda birgə dinləmə keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dinləməni giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarını Azərbaycanın incisi olan Şuşada salamlamaqdan qürur duyduğunu deyib. O, bu qüruru bizə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb.
İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əhliman Əmiraslanov Şuşanın bir sıra möhtəşəm tədbirlərə ev sahibliyi etməsindən söz açıb, şəhərdə və azad olunmuş digər ərazilərdə aparılan quruculuq və abadlıq işlərini xüsusi qeyd edib. Dinləmənin mövzusu ilə bağlı komitə sədri bildirib ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsidir. O, icbari tibbi sığortaya keçiddən sonra Azərbaycanın səhiyyə xidmətində baş verən yeniliklərdən və inkişaf prosesindən danışıb, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində şəraitin, göstərilən xidmətlərin, o cümlədən icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüb, qeydlərini səsləndirib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin komitələrinin iclas və dinləmələrinin Şuşa şəhərində keçirilməsini Azərbaycanın dövlətçilik və qanunvericilik ənənələrinin Şuşada davam etdirilməsi baxımından önəmini vurğulayıb, bu tədbirlərin mənəvi, siyasi əhəmiyyətinə toxunub. Komitə sədri icbari tibbi sığortanın Azərbaycanda tətbiqinin hüquqi bazasına, keçdiyi yola nəzər salıb. Musa Quliyev icbari tibbi sığortanın tətbiqində əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığının təmin edilməsi barədə fikirlərini bölüşüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqindən keçən dövr ərzində görülən işlər, qarşıya çıxan çətinliklər, əldə olunan nəticələr barədə söz açıb. O, ötən müddət ərzində göstərilən tibb xidmətlərinin əhatə dairəsi, kəmiyyəti barədə statistik göstəriciləri açıqlayıb. Z.Əliyev icbari tibbi sığorta zərfinin əhatə dairəsinin genişləndirilməsindən və agentliyin tabeliyindəki müəssisələrdə kadr potensialının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.
Tədbirdə komitələrin sədr müavinləri Rəşad Mahmudov və Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov, Jalə Əliyeva, Kamilə Əliyeva, Vüqar Bayramov, Sədaqət Vəliyeva, Arzu Nağıyev, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, azad Şuşada Milli Məclisin komitə iclaslarının keçirilməsinin əhəmiyyətindən, Azərbaycan şəhidlərinin qanı ilə yoğurulan Şuşa torpağının bizim üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində tutduğu yerdən danışıblar. Deputatlar icbari tibbi sığortada əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadənin təmin olunması, fəaliyyətlərinin optimallaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı fikirlərini bildiriblər, suallarını və təkliflərini səsləndiriblər.
Dinləmədə İTSDA İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
Birgə dinləmə çərçivəsində Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İTSDA İdarə Heyətinin sədri Zaur Əliyev və sədr müavini Nigar Bayramova, TƏBİB İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov Şuşa Modul Tipli Xəstəxanasına gedərək, xəstəxananın tibb heyəti və iş şəraiti ilə tanış olublar.
Görüş zamanı xəstəxana nümayəndəsi qonaqlara Şuşa Modul Tipli Xəstəxanası haqqında məlumat verib, burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələrinin mövcud olduğunu deyib. Müasir palatalarla, mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təmin olunan Şuşa Modul Tipli Xəstəxanasında həm ambulator, həm də stasionar tibbi xidmət göstərilir. Vətəndaşlar burada icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibb xidmətlərdən yararlana bilirlər.
Rəsmi qonaqlar, eyni zamanda, yeni tikiləcək Şuşa Xəstəxanasının ərazisinə də baş çəkiblər.