“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin yekun nəticələri təqdim edilib

“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin yekun nəticələri təqdim edilib

Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” başa çatıb. Bu münasibətlə layihənin yekun nəticələri təqdim edilib. 2020-ci ilin aprel ayından etibarən iki ildən artıq bir müddətdə həyata keçirilmiş COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsi Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.
Layihənin yekun mərasimində çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancının sözlərinə görə, layihə altı Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanda həyata keçirilib: “Bu gün Azərbaycanda layihənin yekun nəticələrinin təqdim edilməsi mərasimidir. Digər ölkələrdə də layihələr yekunlaşmaq üzrədir. Layihə üç fazada həyata keçirilib. Birinci faza avadanlıqların satınalınması, ikinci faza tibb işçiləri üçün təlimlərin keçirilməsi, onların bilik və bacarıqların artırılması, üçüncü faza isə sistemlərin qalıcı olması idi. Belə ki, qurulan sistemlər vasitəsilə ölkənin səhiyyə sisteminin növbəti pandemiyalara hazır olması üçün əlimizdən gələni etməyə çalışdıq. Layihə çərçivəsində əhalinin maarifləndirilməsi də bizim üçün çox önəmli idi. Ümumilikdə, son dərəcə səmərəli və yararlı bir layihə oldu”.
“ÜST olaraq Azərbaycanın səhiyyə sisteminə hər zaman dəstək olmağa hazırıq. Bu, son layihə deyil. Avropa İttifaqı ilə birlikdə layihələrimiz davam edir”, - deyə H.Harmancı deyib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Çertomir Fisinger bildirib ki, layihə COVID-19 pandemiyasının alovlanmasına cavab olaraq başlayıb və ən həssas insanların tibbi ehtiyaclarını ödəməyə yönəlib: “Pandemiya hər kəsə təsir etdi və beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu göstərdi. Qlobal əməkdaşlıq koronavirus pandemiyasının qarşısının alınmasında rol oynadı. Aİ ÜST ilə birlikdə Şərq Tərəfdaşlığı ölkələrinə pandemiyanın nəticələrinin qarşısını almaq üçün yardım məqsədilə iki regional layihə həyata keçirdi. Biri “Sağlamlıq üçün həmrəylik təşəbbüsü”, digəri “COVID-19 vaksini və peyvəndləşmə prosesinə hazırlıq” layihələridir. Bu gün “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsini yekunlaşdırırıq. Daha dözümlü səhiyyə sistemlərinin qurulmasına yönələn layihənin müsbət nəticələrinə görə şadıq”.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov kifayət qədər tez planlaşdırma və maliyyələşmə sayəsində layihənin qısa müddətdə başladığını və pandemiya ilə mübarizədə əhəmiyyətli rol oynadığını deyib. Layihənin adının təsadüfi olmadığını söyləyən nazir müavini pandemiyaya qalib gəlmək üçün həmrəyliyin vacibliyindən söz açıb.
“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi milli səhiyyənin COVID-lə mübarizədə apardığı işlərə dəstək verib. Layihə çərçivəsində ölkəyə avadanlıq və tibbi ləvazimatlar gətirilib. Bundan başqa, xəstələrin izlənilməsi və epidemioloji təhlilin aparılması üçün lazım olan elektron vasitələr təqdim olunub. Layihənin çox vacib və dayanıqlı nəticə verən hissəsi təlimlərin təşkil olunmasıdır. Tibb işçiləri, tibb tələbələri üçün aparılan silsilə təlimlər onların COVID-lə bağlı bilik və bacarıqlarını artırıb. Layihənin verdiyi töhfələri Səhiyyə Nazirliyi olaraq yüksək qiymətləndiririk. Onun həyata keçirilməsində əziyyəti keçən hər kəsə minnətdarıq”, - deyə N.Zeynalov qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva müharibənin təsirinə məruz qalmış bir neçə rayonda layihə çərçivəsində əhaliyə tibbi xidmətlər göstərildiyini, həmin ərazilərdəki xəstəxanaların tibbi ləvazimatlarla təchiz edildiyini bildirib.
“Azərbaycanın ən böyük uğuru pandemiyaya tək səhiyyə sahəsinin deyil, ölkənin problemi kimi yanaşması və bütün qurumların koordinasiyalı şəkildə işləməsi oldu. Bununla yanaşı, beynəlxalq qurumların bizimlə olması sevindirici idi”, - deyə F.Əliyeva vurğulayıb.
Daha sonra layihə haqqında videoçarxlar nümayiş etdirilib və yekunları ilə bağlı hesabat təqdim olunub.
Layihə rəhbəri Tural Qulu “Sağlamlıq üçün həmrəylik təşəbbüsü”nün həyata keçirildiyi dövr ərzində əldə edilmiş nailiyyətlərdən bəhs edən təqdimatla çıxış edib. Qeyd edilib ki, layihənin həyata keçirildiyi müddətdə 521 tibb avadanlığı, o cümlədən 6 ventilyator və 1 BiPAP cihazı, 81 pasiyent monitoru, 141 oksigen konsentratoru və 229 nəbz-oksimetr layihə çərçivəsində milli tərəfdaşlara təhvil verilib. Eyni zamanda, COVID-19 ilə ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17 600 əl gigiyenası ləvazimatı ölkənin tibb müəssisələrinə təqdim edilib.
COVID-19 ilə mübarizə potensialının gücləndirilməsi məqsədilə 7 800 tibb işçisi, tibb tələbəsi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis və media nümayəndəsi müvafiq təlimlərə cəlb edilib. Bununla yanaşı, ÜST-nin “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi istifadəyə verilib. Qısa müddət ərzində təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 minə çatıb.
Layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib. COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib. Layihə tərəfindən 23 tibb müəssisəsi İPN üzrə, 5 tibb müəssisəsi COVID-19 hallarının idarə olunması, 7 tibb müəssisəsi oksigen təchizatı və istifadəsi üzrə qiymətləndirilib və müvafiq tövsiyələr verilib. “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” ilə ölkənin iki ən böyük psixi sağlamlıq müəssisəsinə doqquz ay ərzində psixoloqlar və sosial işçilər tərəfindən psixoloji yardım və psixo-sosial dəstək verilib.
Tədbirdə benefisiarların çıxışları dinlənilib, açıq müzakirələr aparılıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər milli tərəfdaşlara dəstək olaraq ölkədə COVID-19 pandemiyasına hazırlıq və cavab tədbirləri istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Aİ-ÜST layihələri bundan sonra da Azərbaycanın səhiyyə sisteminə dəstək olaraq ölkə əhalisinin sağlam gələcəyinin təmin edilməsinə öz töhfəsini verəcək.
Sonda Aİ, ÜST və Səhiyyə Nazirliyi, eləcə də Aİ, ÜST və TƏBİB arasında təhvil-təslim aktlarının imzalanması mərasimi keçirilib.





İYUN-2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova