ÜST və USAID Azərbaycanda yeni layihəyə başlayır

ÜST və USAID Azərbaycanda yeni layihəyə başlayır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkəmizdə təcili tibbi yardım xidmətlərinin sürətləndirilməsinə, infeksiyaların qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş yeni layihəyə start verib.
Layihənin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, USAID tərəfindən maliyyələşdirilən, 3,35 milyon dollar dəyərində olan layihə ÜST vasitəsilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Tibb Universitetinə dəstək göstərəcək: “Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində hər iki sistem üçün idarəetmə strukturları, milli strategiyalar, standartlar və prosedurlar dəstəklənəcək, Azərbaycan Tibb Universitetində, tibb kolleclərində və digər təhsil müəssisələrində müvafiq təhsil proqramları yaradılacaq. Həmçinin yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə hər iki sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdiriləcək, Sumqayıtda təlim və simulyasiya mərkəzinin əsası qoyulacaq, infeksiyaların qarşısının alınması və nəzarət üzrə milli komitə, xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirəcək milli istinad laboratoriyası yaradılacaq. COVID-19-un bizə öyrətdiyi əsas dərs odur ki, tibb işçilərini, xəstələri və daha geniş ictimaiyyəti yoluxucu xəstəliklərdən qorumaq istəyiriksə, infeksiyanın qarşısının alınması və nəzarətə bütün səviyyələrdə səhiyyə sistemlərinin tərkib hissəsi kimi yanaşmalıyıq. Mövcud pandemiya kimi fövqəladə hallarda cəmiyyətin artan ehtiyaclarına cavab verə bilmək üçün daha təkmil təcili tibbi yardıma və yaxşı təlim keçmiş işçilərə ehtiyacımız var. İnanırıq ki, bu layihə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı səylərimizdə bizə daha böyük təkan verəcək”.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov yeni layihənin iki əsas məsələni özündə cəmləşdirdiyini qeyd edib: “Bunlardan biri ölkəmizdə təcili tibbi yardımın təkmilləşdirilməsidir. Bu, çoxkomponentli və yeni yanaşma ilə planlaşdırılmış layihədir. Ötən ilin sonunda Elmi Şuranın qərarı ilə Azərbaycan Tibb Universitetində Təcili tibb kafedrası yaradılıb. Həmin kafedra öz addımlarını bu layihə ilə birlikdə atacaq. Təcili tibb ixtisasının milli tibbi nomenklaturaya daxil edilməsi və həmin ixtisas üzrə rezidentura hazırlığının başlanması planlaşdırılır. Təcili tibbi yardımın təkmilləşdirilməsi, yenilənməsi, dünyada ümumi qəbul edilmiş standartlar üzrə fəaliyyət göstərməsi nəzərdə tutulub.
İkinci komponent infeksiyaların profilaktikası və nəzarət sistemlərinin gücləndirilməsidir. Layihə vasitəsilə xəstəxanadaxili infeksiyaların profilaktikası sisteminin nəzərdən keçirilməsi, yeniliklərin əlavə edilməsi, görülmüş işlərin təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu da xəstəxanadaxili infeksiyaların, həm xəstələrin, həm də tibb işçilərinin infeksiyaya yoluxma riskinin azaldılması deməkdir. Hər iki komponentin pandemiya ilə mübarizəyə həsr olunduğunu nəzərə alaraq deyə bilərik ki, layihənin faydası ikiqat olacaq”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Araz Nəsirov son bir neçə ildə ölkə səhiyyəsində intensiv islahatlar aparıldığını və burada beynəlxalq təşkilatların töhfə verməsini təqdirəlayiq hal kimi qiymətləndirib, xəstəxanalarda təcili yardım şöbələri qurularkən müasir standartlara istinad etməyin vacibliyini vurğulayıb: “Sevinirəm ki, bu gün bu istiqamətdə yeni bir layihəyə başladıq. Səhiyyənin bütün iştirakçıları beynəlxalq qurumlarla bu prosesdə iştirak edirlər. Layihənin həmin xidmətin daha yüksək səviyyədə təşkilinə töhfə verəcəyinə inanırıq”.
TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva layihənin hər iki komponentinin iki il müddətində öz önəmini göstərdiyini qeyd edib: “Təcili tibbi yardım xidməti və infeksiyalara nəzarət sistemlərinin gücləndirilməsinin əhəmiyyətinini həm COVID, həm də müharibə dövründə şahidi olduq”.
Ölkələrin sosial göstəricisinin əsasında səhiyyə sisteminin güclü olmasının dayandığını deyən F.Əliyeva son iki ildə Azərbaycanda bu sahədə görülən işlər barəsində ətraflı məlumat verib.
USAID-in missiya direktoru Jaydev Sinqx “Azərbaycanda pandemiyaya qarşı mübarizə” layihəsinin ABŞ və Azərbaycan arasında 30 illik davamlı tərəfdaşlığın bariz nümunəsi olduğunu deyib. "USAID/Azərbaycan COVID-19 pandemiyasının sağlamlığa və iqtisadi təsirlərinə qarşı təcili və daha uzunmüddətli səyləri dəstəkləmək üçün 9 milyon dollardan çox vəsait ayırıb və ölkədəki hər bir vətəndaş əhatə olunana qədər Azərbaycan səhiyyə sistemini gücləndirmək və genişləndirməkdə davam edəcək. Ölkənin səhiyyə sistemini region üçün bir model halına gətirmək məqsədilə biz bu sahədə Azərbaycan hökuməti ilə daha dərin əməkdaşlığa ümid edirik”.
Tədbir zamanı həmçinin Hande Harmancı səhiyyə sisteminin mövcud və gələcək pandemiyalara davamlılığının gücləndirilməsinə dair təqdimatla çıxış edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bu günə qədər əhalinin sağlamlığı ilə bağlı fövqəladə halların qarşısının alınması, hazırlığın görülməsi, aşkar edilməsi və gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq edərək bir sıra layihələr həyata keçirib. Yeni layihə də ÜST və USAID-in Azərbaycan səhiyyəsinə davamlı dəstəyinin tərkib hissəsidir.





Oktyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova