“Təxirəsalınmaz tibbi yardım” mövzusunda olimpiada təşkil edilib
![“Təxirəsalınmaz tibbi yardım” mövzusunda olimpiada təşkil edilib](/uploads/posts/2022-06/1654763652_16528800452234916111_1000x669.jpg)
1 nömrəli Bakı Tibb Kollecində bu tibb təhsili müəssisəsinin yaranmasının 120 illiyinə həsr olunmuş, “Təxirəsalınmaz tibbi yardım” mövzusunda olimpiada keçirilib.
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayevin və 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyevanın iştirak etdiyi tədbirin keçirilməsində məqsəd düzgün aparılmış ilkin tibbi yardımın nə qədər vacib olduğunu tələbələrə çatdırmaq olub.
Olimpiadada Tibb bacısı şöbəsinin “Şəfqət”, Müalicə işi şöbəsinin “MedStars”, Mamalıq işi şöbəsinin “Yeni nəfəs”, Müalicə masajı şöbəsinin “Xüsusi təyinatlı təbib” komandaları iştirak ediblər.
Komandalar “Desmurgiya”, “Arterial qanaxmanın dayandırılması”, “Böyüklərdə təməl yaşam dəstəyi” və “İmmobilizasiya” mövzularında yarışıblar. Müalicə işi şöbəsinin “MedStars” komandası qalib olub.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.