Beynəlxalq Həkim-Mama Gününə həsr edilmiş elmi konqres keçirilib

Beynəlxalq Həkim-Mama Gününə həsr edilmiş elmi konqres keçirilib

Bakıda 5 May – Beynəlxalq Həkim-Mama Gününə həsr olunmuş, "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqres keçirilib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox dövlət qurumları və beynəlxalq təşkilatların rəsmi nümayəndələri, eləcə də Bakının və regionların dövlət və özəl tibb müəssisələrində çalışan həkim və mamaları iştirak ediblər.
Konqresi giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, ana-uşaq sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəlib, diridoğulmanın beynəlxalq meyarları uğurla tətbiq edilib, mamalıq-ginekologiya üzrə kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib. O, ana-uşaq sağlamlığının qorunmasında və doğuşaqədər xidmətlərin təşkilində mamalar və həkim-mama-ginekoloqların əlaqələşdirilmiş işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konqresin açılış hissəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, səhiyyə nazirinin müavini İlqar Qasımov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, professor Cəmilə Qurbanova və Türkiyənin Florens Naytingel Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt çıxış ediblər.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva və II Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırovanın moderatorluğu ilə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri” panelində Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqları Fidan İsrafilbəylinin və Karolayn Foksun “Böyük Britaniyanın universitet klinikasında ekstragenital patologiyası olan hamilə qadınlara antenatal xidmətin təşkili” və “Ürək patologiyası olan qadınlarda hamiləliyin təqibi xüsusiyyətləri. Böyük Britaniya təcrübəsi” mövzularında təqdimatları beynəlxalq təcrübənin öyrənilməsi baxımından maraq doğurub.
Hibrid formatda təşkil olunmuş konqresdə Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid Saracoğlu, İstanbul Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri, professor Banu Aygün Kumbak, Türkiyə Ginekoloji Endoskopiya Cəmiyyətinin prezidenti, professor Fatih Şendağ və Türkiyənin Florens Naytingel Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt yerli mütəxəssislərlə birgə panel rəhbəri qismində iştirak ediblər.
Ümumilikdə, beynəlxalq elmi konqresdə 4 paneldə Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı mütəxəssislərinin hazırladığı məruzələr dinlənilib.
Qeyd edək ki, Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası 1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası tərəfindən irəli sürülüb və 1992-ci ildən rəsmi status qazanıb. Əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarət olan bu gün hazırda dünyanın 50-dən artıq ölkəsində qeyd edilir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova