Səhiyyə naziri “Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısında çıxış edib
Vərəm xəstəliyinə son qoyulması üzrə “Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin onlayn formatda təşkil olunmuş 35-ci toplantısı keçirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, beynəlxalq qurumun iclasında çıxışçılar – Qlobal Plan İşçi Qrupunun sədri və iştirakçı ölkələrin səhiyyə nazirləri təəssüf hissi ilə qeyd ediblər ki, vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və hər gün 4100-dən çox insan bu xəstəlikdən vəfat edir.
Toplantının “Vərəmlə mübarizənin maliyyələşdirilməsi mənbələri” mövzusuna həsr olunmuş panel sessiyasında Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev çıxış edib.
Nazir qeyd edib ki, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə dövlət proqramları hesabına vərəmə qarşı dərmanların alınmasına və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb: “Eyni zamanda, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir. Hazırda Qlobal Fondun layihələri Azərbaycanda davamlı olaraq həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.
“2020-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir. Onun həyata keçirilməsinin koronavirus pandemiyasına təsadüf etməsinə baxmayaraq, ilkin nəticələr ümidvericidir. İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən sığorta paketinə daxil edilməsini nəzərdə tutur. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda, təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə Teymur Musayev fikrini tamamlayıb.